Birinci Qarabağ müharibəsi zamanı Fərrux dağında itkin düşmüş hərbçilərimizdən biri də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Dizə kəndindən olan 1972-ci il təvəllüdlü Cəfərov Sənan Vəli oğludur.
Sənan Cəfərov 1992-ci ilin yazında hərbi xidmətə yollanıb. Müharibənin ən qızğın vaxtında isə cəbhəyə yola düşüb.

Sənanın qardaşı Elnur Cəfərov Oxu.Az-a açıqlamasında deyib ki, qardaşının müharibəyə getdiyi vaxtlarda onun cəmi on yaşı olub:
“Bu barədə məlumatlı olan bizim böyük qardaşımız və atamız idi. Hər ikisi artıq rəhmətə gedib. Onların danışdıqlarından bilirəm ki, qardaşım Fərrux yüksəkliyində şəhid olub. Başqa məlumat axtarsaq da, tapa bilmədik. 1993-cü ildə böyük qardaşım gedib maraqlanmışdı. Sənanın komandirlərini tapıb onlardan xəbər almışdı ki, Sənan, həqiqətən, Fərrux yüksəkliyində döyüşüb və şəhid olub”.
Qardaşı deyir ki, Sənan onlara heç bir məktub göndərməyib:
“Bizdə onun nə şəkli var, nə də məktubu. Sənanın ölüm xəbərini də bizə elə böyük qardaşım gətirmişdi. İndi Fərrux yüksəkliyində aşkarlanan qalıqlar barədə məlumat oxuyuruq. Biz bu günə qədər Sənan barədə məlumat öyrənə bilmədik. Bir gedişini bildik, iki il sonra da - şəhid olduğunu”.
E.Cəfərov deyir ki, atası, qardaşı sağ olan zaman aidiyyəti qurumlar tərəfindən onlardan DNT nümunələri götürülüb:
“Hələ 2008-ci ilə qədər bizə bir neçə dəfə gəlib-getmişdilər. Bacılarımdan, qardaşlarım və atamdan da nümunə götürmüşdülər. Bu yaxınlarda bizimlə əlaqə saxlayan olmayıb. Heç bilmirik, orada aşkarlanan sümüklərdən bizim qardaşımıza aid olanı var, yoxsa yox. Fərrux yüksəkliyində şəhid olan 62 oğuldan biri mənim qardaşımdır. Sənanın özü də qayıtmadı, döyüş yoldaşları da. Onun şücaətindən, qəhrəmanlığından, necə şəhid olmasından xəbərimiz olmadı”.
Sənan Cəfərovdan geriyə ailəsinə cəmi dörd şəkli qalıb.
Könül Cəfərli