Rusiyanın “LifeNews” telekanalının əməkdaşları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib.
Oxu.Az xəbər verir ki, kanalın əməkdaşı Yelizaveta Xramtsova qondarma “Dağlıq Qarabaq Respublikasının” 25 illik “müstəqilliyi” ilə bağlı reportaj hazırlayıb.
O, Dağlıq Qarabağın dünya ictimaiyyəti tərəfindən de-yure tanınmadığını xatırladaraq reportajında bu əraziləri “de-fakto dövlət” adlandırıb. Eyni zamanda bu “dövlətin” özünün ordusunun və idarəedici hakimiyyəti olduğunu da vurğulayıb.
Reportajda deyilir ki, Dağlıq Qarabağ ilk dəfə 1918-ci ildə - Azərbaycan öz müstəqilliyini elan edərkən mübahisəli torpağa çevrilib və “Azərbaycan həmin vaxt əhalisinin əksəriyyəti erməni olan Dağlıq Qarabağ ərazisini özünə birləşdirib”.
Dağlıq Qarabağda sənayenin inkişafından danışan müxbir burada kompot, mürəbbə və konsevləşdirilmiş tərəvəzlərin istehsal edildiyini, sonra isə məhsulların üzərinə “Ermənistanda hazırlanıb” etiketi yapışdırmaq üçün İrəvana göndərildiyini söyləyib. O, işğal altındakı torpaqlarda qızıl yataqlarının, tikinti materiallarının zənginliyini də vurğulayıb.