Səfərin əsas məqsədi tərəfləri yanvarda gərginliyin artmasından sonra atəşkəs rejiminə ciddi riayət etməyə çağırmaq olub.
Oxu.Az ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (RF), Ceyms Uorlik (ABŞ) və Pyer Arndienin (Fransa) 16-19 fevralda regiona səfərin nəticələrinə dair bərabər bəyanatlarında bildirilib.
Onlara ATƏT-in cari sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qoşulub. Həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri və müdafiə nazirləri ilə, eləcə də qondarma “DQR hakimiyyəti” (Dağlıq Qarabağ Respublikası) ilə görüşüblər.
“Həmsədrlərlə danışıqlar zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına tərəf olduqlarını təsdiqləyiblər.
Hər iki ölkənin prezidenti həmsədrlərin atəşkəs rejiminin möhkəmləndirilməsinə dair təklifini nəzərdən keçirmək barədə razılığa gəliblər.
Həmsədrlər prezidentlər və xarici işlər nazirləri ilə münaqişənin tənzimlənməsi istiqamətində atılacaq bəzi addımları, eləcə də cari ildə prezidentlərin görüşünü müzakirə ediblər.
Eyni zamanda həmsədrlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən şəxslərlə bağlı məsələləri müzakirə etmək üçün görüşüblər.
Onlar 2014-cü ilin oktyabr ayında Parisdə prezidentlərin görüşü zamanı, itkin düşən şəxslərlə əlaqəli informasiya mübadiləsinə dair əldə edilən razılığın vacibliyini vurğulayıblar”- bəyanatda deyilir.