Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır
Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır.
Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Ordunu sülhə hazırlamaqla bağlı dediyi fikri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
V.Dərgahlı bildirib ki, ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir.
“Ali Baş Komandanımızın bəyan etdiyi kimi Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır.
Ermənistanın hərbi-siyasi rəhbərliyi birdəfəlik anlamalıdır ki, yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra Ordumuz sülh haqqında düşünə bilər. İndiki şəraitdə isə Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır”, - deyə polkovnik V.Dərgahlı vurğulayıb.
Qeyd edək ki, bu gün Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi ordunu sülhə hazırlamalıdır.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın müdafiə naziri “sülh naminə ərazilər” formatını “yeni ərazilər üçün yeni müharibə” formatına dəyişdiklərini bəyan etmişdi.
“Hərbi əməliyyatları düşmənin ərazisinə köçürmək üçün hücum bölmələrinin sayını artıracağıq”, - deyə nazir bildirmişdi.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu sözlərə reaksiya verərək Ermənistanın hücuma keçməsini arzuladıqlarını qeyd eləmişdi:
“Hesab edirəm ki, Tonoyan hərbçi deyil. O, rəhbərlik etdiyi ordusunun imkanlarından xəbərsizdir. Tonoyan bu sözləri Nyu-Yorkda - erməni lobbisinin qarşısında deyib. Oraya pul dilənməyə getmişdi. Bu gün Ermənistan ordusunun Azərbaycana hücum etməsi üçün nə iqtisadi imkanı, nə silahı, nə şəxsi heyəti, nə də digər imkanları var”.