44 günlük müharibənin 4-cü günü də aciz vəziyyətdə olan Ermənistanın təbliğat maşınının həmlələri ilə yadda qalıb. Həqiqətləri gizlətmək, xalqa real vəziyyəti tam əks formada sırımaq məqsədi daşıyan bu həmlələr, 10 noyabr bəyanatından sonra İrəvanı və bütün ölkəni bürümüş rezonans dalğasının daha şiddətli və dağıdıcı olmasını təmin etdi. Ermənistan və Müdafiə Nazirliyi (MN) öz qazdığı quyuya düşdü, qələbə xəbərləri ilə yüklənən cəmiyyət məğlubiyyətin ölümcül şoku ilə üz-üzə qaldı.
Müharibənin 4-cü günü – 30 sentyabr tarixində ilk növbədə Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan səhnəyə çıxdı. Xankəndiyə gedən Anna burada ağızdolusu erməni qadınının gücü, qüvvəsi, ermənilərin yenilməz olmasından dəm vurdu və qələbənin yaxın olduğunu söylədi. Həmin görüşdə iştirak etmiş erməni deputatlardan biri olan Metaksiya Akopyan müharibədən sonra açıqlamasında Anna Akopyanın əslində buraya Rusiyanın qeybətini etməyə gəldiyini açıqladı. Məlum oldu ki, Paşinyanın arvadı çıxışında Rusiyanı müharibəni başlatmaqda günahlandırıb.
Müharibənin 4-cü günündə Arayik Arutyunyanın mətbuat katibi Baqram Poqosyan növbəti dəfə “qüdrətli ordu”larından bəhs edib.
O iddia edib ki, Azərbaycan müharibəni davam etdirəcəyi halda ermənilər təkcə əvvəlki təmas xəttinin bərpası ilə kifayətlənməyəcək. Yəni erməni ordusu o qədər güclüdür ki, hətta yeni əraziləri də işğal edə bilər.
Ancaq bu açıqlamadan 40 gün sonra Baqram Poqosyan və onun kimilərin hansı vəziyyətə düşdüyünü təsəvvür edirik. Çünki zaman da göstərdi ki, ermənilər önə doğru bir addım belə ata bilmədilər, daim geriyə qaçdılar və nəticədə İrəvana kimi gedib çıxdılar.
Yəqin ki, Ermənistan MN-nin bu illüziya səhnəsini “fenomen” olmadan düşünə bilməzdik. Odur ki, Ermənistan MN müharibənin 4-cü günündə də öz “ulduz”unu irəli sürüb. Artsrun Ovannisyan növbəti dəfə “qələbə” postu paylaşıb.
“Düşmən uğur qazana bilmədiyini görüb, tərzini dəyişir. Ancaq bir şeyi deyə bilərəm ki, onlar uduzurlar”.
Minlərlə ermənini zəfər sərxoşluğuna sövq edən bu cür açıqlamaların sonu hər kəsə məlumdur. Hər halda “fenomen” erməni xalqını ələ almağın yolunu yaxşı tapmışdı.
Bir qədər sonra brifinqdə də səhnəyə çıxan Artsrun Ovannisyan növbəti dəfə erməni hərbçilərin “qəhrəmanlığından” danışdı. Erməni tərəfi məhz sentyabrın 30-da Türkiyənin müharibədə iştirakı ilə bağlı faktlara sahib olduğunu iddia etməyə başladı. Ancaq bu günə qədər də həmin faktlardan xəbər yoxdur. Görünür erməni təbliğat maşını belə bu cür miqyasda saxtakarlığa əl atmaqdan qorxub. Məhz ona görə də Türkiyənin guya müharibədə iştirak etməsi kimi cəfəng iddia ilə bağlı faktlar “düz-qoş” edə bilməyib.
Yeri gəlmişkən 30 sentyabrın ən önəmli hadisəsi – Nikolun adı ilə bağlı olub. Nikol Paşinyan bu baxımdan müharibənin dördüncü günündə “fenomen”i belə kölgədə qoyub.
Ölkədə Paşinyanın başçılığı ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Rəsmi məlumatlarda iclasda cəbhədəki operativ vəziyyətin müzakirə edildiyi bildirilib.
Lakin müharibə başa çatdıqdan sonra noyabrın 17-də keçmiş baş qərargah rəisi Onik Qasparyanın açıqlamaları yenidən həmin iclası gündəmə gətirib. Erməni general məhz sentyabrın 30-da keçirilən iclasda müharibənin iki-üç gün ərzində dayandırılmalı olduğunu qeyd edib. O, Ermənistan ordusunun real vəziyyətini, imkanlarını və itkilərini nəzərə alaraq bu qənaətə gəldiklərini deyib. Lakin həmin gün bu aciz təklifi qəbul etməyən Nikol, sonradan Qasparyanın sözlərini utandığından yalanlamalı olub.
Görünür ki, Nikol Paşinyan sadəcə dörd gündə rüsvayçı məğlubiyyəti həzm edə bilməyib. Ona bunun üçün daha 40 gün gərəkli olub. Ancaq sonda Azərbaycan ordusunun qüdrəti Paşinyanı hələ də naməlum qalan bir yerdə faktiki olaraq kapitulyasiya aktını imzalamağa məcbur etdi...
Orxan Tağıyev