Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ordu generallarının Türkiyə səfəri: İki ölkə arasında hərbi əlaqələr yeni müstəviyə keçir - FOTO
Azərbaycan Ordusunun 6 generalının Ankaraya səfəri və Türkiyə milli müdafiə naziri Yaşar Gülərin onları qəbul etməsi iki qardaş ölkə arasındakı hərbi əlaqələrin yüksələn xətlə inkişafına bariz bir nümunədir.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib.
O bildirib ki, azərbaycanlı generallar İkinci Ordu Komandanlığını, Ankarada Milli Müdafiə Nazirliyini, Baş Qərargahı və Quru Qoşunları Komandanlığını, əməliyyat mərkəzlərini ziyarət ediblər, virtual olaraq sərhədlər, qurulan ağıllı hərbi postları müşahidə ediblər: “Bundan başqa Birinci Ordu Qərargahı, Əməliyyat Mərkəzləri və Müdafiə Sənayesi üçün Baykar Texnologiya Maşınlarının fəaliyyətini nəzərdən keçirmək, məlumat və təcrübə əldə etmək, dostluq və qardaşlığı daha da gücləndirmək üçün fikir mübadiləsi aparmaq imkanı qazanıblar. Bu baxımdan milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Ordusunun generallarını ən yüksək səviyyədə qəbul edib”.
Y.Karüzün sözlərinə görə, Türkiyə-Azərbaycan hərbi əlaqələri 1991-ci ilin sonundan etibarən qurulmağa başlasa da, İkinci Qarabağ müharibəsindən sonra daha da yüksələn xətlə möhkəm, sarsılmaz əsaslar üzərində formalaşıb: “Türkiyə-Azərbaycan münasibətləri daha öncə demək olar ki, hərbi əlaqələr üzərində qurulmuşdu. Lakin Türkiyə-Azərbaycan münasibətləri Qarabağ müharibəsi öncəsi və sonrası, Şuşa bəyannaməsinə qədər uzanan prosesdə tarixin ən yüksək siyasi, hərbi səviyyəsinə çatdı. Qələbədən sonra da bu əlaqələr həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan daha çox inkişaf edir”.
Ehtiyatda olan generalın fikrincə, “Türk ordu modelinə keçmək” ifadəsi əslində modern bir orduya sahib olmaq deməkdir. O qeyd edib ki, bu çərçivədə Azərbaycanda komanda birləşmələrinin yaradılması, Milli Müdafiə Universitetinin qurulması, Baş Qərargahda, komandanlıqda və digər sahələrdə, konsepsiyada dəyişikliklərin edilməsi, Türkiyə ilə vahid hava məkanı, vahid ordu modeli prinsiplərindən hərəkət edərək bir sıra fəaliyyətlər həyata keçirilib.
“Bu prizmadan baxanda edilən yeniliklər və bu çərçivədə Milli Müdafiə Universitetinə edilən təyinat, digər dəyişikliklər, aparılan islahatlar modern ordu quruculuğuna xidmət etməkdədir. “Bir millət, iki dövlət” prinsipi, vahid hava sahəsi formulu, müdafiə sənayesində Şuşa bəyənnaməsinin tələblərindən irəli gələn birgə istehsal modelinə keçid xüsusiyyətləri də daxil olmaqla hərbi əlaqələrimiz də hər keçən gün artaraq davam edir”, - hərbi ekspert vurğulayıb.
Xatırladaq ki, Türkiyəyə gedən heyətdə Azərbaycan Ordusunun korpus kmandanları general-leytenant Mayis Bərxudarov, general-mayor Münasib Babayev və digərləri olub.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib
Rəylər