Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Moskvada iranlı həmkarı İbrahim Rahimpur ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
“Regional gündəm məsələlərinə dair fikir mübadiləsi aparılıb. Xüsusi diqqət Mərkəzi Asiya və Zaqafqaziyaya, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə, eləcə də Ukraynada böhranın həll edilməsi üçün Minsk müqaviləsinin həyata keçirilməsinə ayrılıb”, - məlumatda qeyd edilib.
Daha öncə İranın XİN nümayəndəsi Hüseyn Cabbar Ənsari Tehranın Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirmişdi.
O, həmçinin azərbaycanlı və iranlı diplomatların Azərbaycan prezidenti İlham Əliyevin İrana mümkün səfəri barədə danışıqlar apardığını da bildirib. Səfər haqqında yekun qərar qəbul edildiyi halda məlumat veriləcək.