Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sadık Akyar: "Azərbaycan "JF-17"lərlə güclənəcək, KAAN-la ən güclülər sırasına girəcək"
Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və "Chengdu" Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli, çoxməqsədli "JF-17C" (Block-III) təyyarələri təqdim olunub.
Oxu.Az-a "JF-17C" (Block-III) təyyarələrinin parametrləri və döyüş qabiliyyəti barədə danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girne Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadık Akyar sözügedən qırıcıların eyni anda bir neçə hədəfi izləyə bildiyini vurğulayıb:
"Azərbaycanın Pakistanla imzaladığı 1,6 milyard dollarlıq müqavilə əsasında 60-dan çox "JF-17 Block 3 Thunder" qırıcısı alacağı gözlənilir. Buraya pilotların təlimi, sursatların alınması və s. məsələlər də daxildir. Təyyarə birgə istehsal olduğu için gövdəsi Çinin, elektron sistemləri Qərbin, mühərrikləri isə Rusiya istehsalıdır. Bu baxımdan, ona çoxtərəfli döyüş təyyarəsi deyə bilərik.
Maksimum sürət yanacaqdan və s. faktorlardan asılı olaraq 2 000 kilometrə qədər artır. 5-ci nəsil qırıcılarda olduğu kimi, havada müxtəlif situasiyalarda manevr imkanlarını artıran və eyni anda birdən çox hədəfi izləmək imkanı verən AESA radarları ilə təchiz olunub. Bununla yanaşı, "PL-15" raketləri də daxil olmaqla bir çox sursatlarda təxminən 300 km uzaqdan hədəfə kilidlənə bilir.
Digər tərəfdən, qiymət baxımından da çox uyğundur, "F-16"ların satış qiymətinin yarısıdır. Azərbaycan, Pakistan istisna olmaqla, bu qırıcıları inventara daxil edən üçüncü ölkə olacaq. Azərbaycan "JF-17" qırıcıları ilə bölgədə hava sərhədlərinin təhlükəsizliyini və güc üstünlüyünü daha etibarlı şəkildə təmin edə biləcək.
Azərbaycan, eyni zamanda, Türkiyənin 5-ci nəsil KAAN qırıcılarının istehsalında proqram ortağıdır. Sözügedən qırıcılar da qarşıdakı illərdə kütləvi istehsal olunmağa başlayandan sonra Azərbaycan bölgədə və dünyada hava gücünə görə daha da inkişaf etmiş ölkələr sırasına daxil olacaq".
Qeyd edək ki, "JF-17 Block 3 Thunder" qırıcısı "Pakistan Aeronautical" şirkəti və Çinin "Chengdu" konserni mütəxəssisləri tərəfindən birgə hazırlanıb. Təyyarənin uzunluğu 14,3 m, hündürlüyü 4,6 m, qanad açıqlığı 9,4 m, qanad sahəsi 24,4 m, maksimum uçuş sürəti 1 910 km/saat; döyüş radiusu 1 200 km, maksimum uçuş məsafəsi 3 482 km, maksimum qalxma çəkisi 13 500 kq, faydalı yük çəkisi 3 720 kq-dır. Qırıcının xarici asma qurğusunda "hava-hava" və "hava-yer" sinifli idarəolunan raketlər, gəmi əleyhinə raketlər, idarəolunan və idarəolunmayan bombalar, yanacaq çənləri yerləşdirilə bilər.
Söhrab İsmayıl
Rəylər