Paşinyanın müsahibəsinə görünməmiş media fəaliyyəti kontekstində baxmaq lazımdır. Avropa Birliyi və NATO istiqamətində bir neçə uğursuz manevrlərdən sonra Paşinyan Rusiya KİV-lərinin vasitəsilə onun rəhbərliyi altında Ermənistan xarici siyasətinin prioritetləri ilə bağlı məntiqsiz mövqe nümayiş etdirir.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanın “Exo Moskva” radiostansiyasına müsahibəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, əgər müsahibəni diqqətlə oxusaq, savadsız danışığın, bitməmiş fikirlərin, məntiqsiz nəticələrin və ən əsası səmimi yalanların şahidi ola bilərik.

“Bu yalanların pik nöqtəsi onun qaçqınlar haqqındakı fikirləri olub. O deyib ki, azərbaycanlılar Ermənistandan rahat turist avtobusları ilə gediblər. Ermənistan-Azərbaycan münaqişəsinin xronologiyası ilə tanış olan şəxslər yaxşı bilir ki, Ermənistandan Azərbaycan SSR-ə ilk qaçqınlar 1987-ci ildə Qafan rayonundan gəliblər”, - müsahibimiz bildirib.
Məmmədov deyib ki, bu fakt azərbaycanlıların Ermənistan SSR ərazisindən zorla qovulmasında ilk addım idi.

“Ermənilərin azərbaycanlılara qarşı zorakılıq və cinayət əməlləri törətməsinin tutarlı sübutları var. Bunlar qaçqınların ifadələri, fotolar və videomateriallardır. Rəsmi rəqəmlərə görə, təkcə Ermənistandan 300 min azərbaycanlı zorla çıxardılıb, yüzlərlə adam öldürülüb”, - ekspert qeyd edib.
SAM direktoru əlavə edib ki, fotolarda zorla qovulmuş insanların hansı vəziyyətdə olduğu aydın görünür.
“Təəssüf ki, Paşinyan maksimalist baxışları kontekstində Qarabağ münaqişəsinin həlli ilə bağlı belə yalanlara əl atır”, - Məmmədov deyib.
O bildirib ki, bir müddət öncə Paşinyan Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla Qarabağ məsələsini müzakirə edib. O zaman Paşinyan əminliklə bəyan etdi ki, o, münaqişənin nizamlanması prosesinin gedişi barədə tam məlumatlıdır və guya İlham Əliyevlə görüşə hazırdır.
“Ancaq bu fikirlər və bugünkü müsahibə elə bir iki fərqli insana aiddir. Fikirlər köklü şəkildə bir-birindən fərqlənir. Bütün bunlar onu göstərir ki, Paşinyan nəinki Azərbaycan rəhbərliyi ilə danışıqlara hazır deyil, eyni zamanda o, dövlət başçısının üzərinə düşən məsuliyyəti dərk etmir”, - Məmmədov qeyd edib.
SAM direktoru həmçinin, əlavə edib ki, bu müsahibə Paşinyanın çox sayda populist ifadələrə, o cümlədən açıq yalanlara müraciət edə bilən küçə siyasətinin səviyyəsini göstərir.
“Bu şəxs Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı və dövlət kimi Azərbaycana qarşı Yerevan tərəfindən törədilmiş heç bir mənfi addımı etiraf etmir”, - müsahibimiz söyləyib.
Məmmədov deyib ki, son bir ay yarım ərzində çox qəribə mənzərəni müşahidə etmək olar:
“Gah Paşinyan “Exo Moskva”ya müsahibəsində bəyan edir ki, Rusiya qoşunların təmas xəttində gərginliyə imkan verməyəcək. Bir ay əvvəl isə Yerevan bildirib ki, “qorxusuz” erməni əsgəri Qarabağ münaqişəsinin gərginləşməsinə imkan vermir”, - o bildirib.
Məmmədovun sözlərinə görə, NATO-dakı fiaskodan və Avropa Birliyinə qarşı uğursuz manevrlərdən sonra yenidən Rusiya faktoru yaranır. Bunu Paşinyanın Putinə qarşı yönəltdiyi yalvarış kimi də qiymətləndirmək olar.
Ə.Ş.
www.oxu.az