Baş ofisi Kanadanın Vankuver şəhərində yerləşən “ToursbyLocals” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turizm səfərləri təşkil etməsi ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Kanadadakı Səfirliyi tərəfindən zəruri etiraz tədbirləri görülüb.
Xarici İşlər Nazirliyindən (XİN) Oxu.Az-a verilən məlumata əsasən, görülmüş tədbirlər nəticəsində “ToursbyLocals” şirkəti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkili dayandırılıb və şirkətin internet resurslarından bu qanunsuz səfərlərlə bağlı bütün məlumatlar çıxarılıb.
XİN xatırladır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət nazirlik və diplomatik nümayəndəliklərinin daim diqqət mərkəzindədir və bu kimi qanunsuz əməllərin qarşısının alınması istiqamətində davamlı iş aparılır.