Konyada (Türkiyə) Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin “TurAz Şahini 2015” birgə təlimləri davam edir.
Oxu.Az xəbər verir ki, təlimlər çərçivəsində qardaş ölkənin pilotları bir-birinin istifadəsində olan hərbi təyyarələri də sınaqdan keçirirlər.
Belə ki, bundan əvvəl, ötəni ilin sentyabrında Azərbaycanda keçirilən “Turaz Qartalı” təlimlərində Türkiyə HHQ-nin silahlanmasında olan F-16 tipli qırıcı təyyarələri sınaqdan keçirən azərbaycanlı pilotlar bu dəfə F-4 tipli qırıcı-bombardmançı təyyarələri idarə ediblər.
Bundan başqa, Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri Türkiyədə “İŞIK-2015” beynəlxalq axtarış-xilasetmə təlimlərində fəal iştirak edirlər və bu təlimlər çərçivəsində əməliyyatların yerinə yetirilməsinə cəlb olunublar.
Ötən gün isə təlimdə iştirak edən azərbaycanlı hərbçilər Novruz bayramının İlaxır çərşənbəsini qeyd ediblər. Qardaş ölkənin hərbi qulluqçuları bayramla əlaqədar tonqal qalayıblar.
Xatırladaq ki, Təlimlərdə Azərbaycan HHQ-nin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi, 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri, Türkiyə HHQ-nin F-16, F-4E 2020, E-7T (HİK) təyyarələri, AS-532, UH-1H helikopterləri iştirak edirlər.
Təlimlər aprelin 13-dək davam edəcək.
Təlimdən çəkilmiş son fotoları təqdim edirik.