Əgər Qarabağda irimiqyaslı münaqişə bərpa olunarsa, danışıqlar yolu ilə tənzimləmə əldə etmək mümkün olmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azatütün radiosuna verdiyi müsahibəsində bəyan edib.
Bakıda keçiriləcək Avropa Oyunlarından sonra sərhəddə gərginliyin arta biləcəyi fikrini paylaşmasına cavab olaraq, dünəndən İrəvanda regional səfərdə olan amerikalı diplomat cavab verib:
“Mən əlbəttə ümid edirəm ki, onlar yanılırlar. Bu ilin yanvarında vəziyyətin gərginləşməsi qeydə alınıb, amma bundan sonra təmas xəttində və erməni-Azərbaycan sərhəddində vəziyyət nisbətən sakitdir. Düşünürəm ki, bu, xoş xəbərdir. Tərəflər atəşkəsə riayət etməli və hörmətlə yanaşmalıdırlar.
Gərgnliyin artması ən pis nəticədir, bu dinc yol ilə tənzimləməyə vasitə olmayacaq. Biz münaqişə genişlənərsə razılaşdırılmış tənzimləmə istiqamətində işləyə bilmərik. Həmsədrlər ABŞ tərəfləri atəşkəsə riayət etməyə və bizimlə möhkəm sülh əldə etmək istiqamətində işləməyə çağırıblar”.
ATƏT-in Minsk qrupunun tərkibinin genişləndirilməsinə dair təklifi şərh edərkən Uorlik qeyd edib ki, mövcud formatı münaqişə tərəfləri qəbul edib:
“Və biz bu formatda işləməyə davam edirik. Əgər tərəflər formatı dəyişmək qərarına gələrlərsə, biz onların fikrinə hörmətlə yanaşacağıq. Amma biz hələlik ATƏT-in Minsk qrupunun formatında işləməyə davam edirik. Amma problem danışıqların formatında deyil, bu, iki ölkənin prezidentinin və xalqının qərar qəbul edəcəyi bir münaqişədir.
Onlar danışıqlar yolu ilə sülh və tənzimləmə üçün zamanın gəldiyini qərara aldıqda, biz vasitəçilik etməyə hazır olacağıq. Bu, format məsələsi deyil, bu siyasi iradə məsələsidir”.
Qarabağ münaqişəsinin tənzimləməsindən danışdıqda Uorlik qeyd edib ki, bu proses çox uzandı, artıq 20 ildən çox zaman keçib.
“İki ölkənin xalqları sülh və rifaha layiqdirlər. Mən hesab edirəm ki, ABŞ, Fransa və Rusiyanın da görmək istədiyi budur”.