Rusiyanın Azərbaycana satdığı silah bizə qarşı istifadə oluna bilər. Aydındır ki, Bakı onsuz da silah alacaqdı – Rusiyadan yox, başqa kimdənsə. Digər tərəfdən, Moskva Azərbaycana hansı silahı satıb, hansını satmamaq barədə bizimlə məsləhətləşsə idi, erməni ictimaiyyəti bu fakta daha sakit yanaşardı.
Oxu.Az xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində Ermənistan baş nazirinin müavini Vaçe Qabrielyan bildirib.
Onun rəyinə görə, Azərbaycana silah satan Rusiya düzgün hərəkət etmir.
“Xalq soruşur: “Bizim müttəfiqimiz kimdir?”. Dövlət xadimləri də, sadə insanlar da bu sualı özlərinə verirlər. Mətbuatda bu mövzuda yazılar çoxdur. Və bizim siyasətçilər vətəndaşlarla görüşdükdə, Rusiyanın nə üçün azərbaycanlılara silah satması məsələsi tez-tez səslənir. Ona görə də təkrar edirəm: bu mövzuda məsləhətləşmələr çox faydalı olacaq və problemin kəskinliyini azaldacaq”.
Qarabağdakı son hadisələrdən danışan Qabrielyan bunu Azərbaycanın silah alması ilə əlaqələndirib:
“Bakı daim münaqişəni qızışdırır. Ermənistanın isə onun gərginləşdirilməsi üçün nə strateji, nə iqtisadi, nə də siyasi səbəbi yoxdur. Düşünürəm ki, böyükmiqyaslı müharibə olmayacaq, çünki Azərbaycan məğlub olacaq”.
Qabrielyan həmçinin bildirib ki, Ermənistanın Azərbaycana qarşı heç bir iddiası yoxdur.
“Biz nizamlamaya hazırıq. Bizə münaqişənin gərginləşməsi lazım deyil. Bakıda dinc yolla hansısa nəticələrə nail olmaq istəyi yaranarsa, Minsk formatında danışıqlara hazırıq”.
Türkiyə ilə münasibətlərdən danışan Qabrileyan “ hələlik onların yaxşı vəziyyətdə olmadığını” vurğulayıb.
“Ankara danışıqlar prosesinin bərpasında maraqlı deyil və mən vəziyyətin dəyişməsi üçün zəmin görmürəm. Biz dialoqa açığıq. Lakin tariximizə, milli identikliyimiz və ya Dağlıq Qarabağın təhlükəsizliyinə zərər vurulması əvəzində münasibətlərin normallaşmasına getməyəcəyik. Bizim Türkiyəyə qarşı ərazi yaxud başqa bir iddiamız yoxdur, lakin biz “soyqırımı” unuda (qondarma “erməni soyqırımı” – red.) unuda bilmərik. Gələcəyə baxmaq – keçmişi unutmaq demək deyil”, - deyə, o, bildirib.