Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tehrandan Bakıya zəng: Rəsmi informasiyalardakı fərqlər, generalın narahatlığı – TƏHLİL
Avqustun 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Böyük ehtimal ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə gerçəkləşib, çünki cənab Abdullahian xarici işlər naziri vəzifəsində yenidir və İranın yeni hökuməti qonşu dövlətlərlə münasibətləri inkişaf etdirmək yönündə çalışır.
Bayramov-Abdullahian danışığı tanışlıq xarakteri daşıyır, lakin sözsüz ki, nazirlər əməkdaşlığın perspektiv konturlarının ümumi cizgilərini də müzakirə ediblər.
Əməkdaşlığın gələcək formatı nədir? Azərbaycan, Türkiyə və Rusiya Zəngəzur dəhlizinin reallaşması üçün yeni əməkdaşlıq platforması (altılıq platforma: Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstan) önə sürüb.
İran isə son zamanlar Bakı ilə münasibətlərdə gərginlik yaradan addımlar atır, Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərə yük daşımaları həyata keçirir.
Bakı-Tehran münasibətlərində hazırda gərginlik var, lakin bu, dramatik həddə deyil.
Ehtimal etmək olar ki, Ceyhun Bayramov iranlı həmkarına mövzu barədə ümumi danışıb və situasiyanın dramatikləşməməsi üçün mövqeyini açıqlayıb. Niyə bunu deyirik?
Avqustun 11-də İranın Bakıdakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və diplomata İrandan Qarabağa yük daşımalar həyata keçirildiyinə görə nota təqdim edilib.
İndi şübhə üçün barmaq yeri qalmır ki, bu məsələ nazirlərin müzakirə etdiyi gündəliyə daxil olub, Tehranın bu kimi əməllərdən çəkinməsi üçün xəbərdarlıq edilib.
Tərəflərin nazirlərin təmaslarına dair yaydığı informasiyalarda da fərqlər var.
Rəsmi Bakı bildirir: “Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar”.
İran isə danışıq zamanı Tehranın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair öz mövqeyini qabardıb, bir növ “təşəbbüskarlığına” diqqət çəkib.
İranın yaydığı rəsmi məlumatda qeyd olunub ki, Abdullahian işğaldan azad edilmiş ərazilərdə İranın bərpa və quruculuq işlərində iştiraka hazır olduğunu bildirib.
“Abdullahian həmçinin beynəlxalq sərhədlərə hörmət edilməsinin vacibliyini vurğulayıb, Qafqazdakı vəziyyətin siyasi və sülh yolu ilə həllinə çağrış edib”, - deyə məlumatda qeyd edilib.
Bu, Tehranın ənənəvi diplomatik tərzinin yeni hökumətin dilindən numayişidir, bəs Bakı niyə informasiyalarda bu məsələləri önə çıxarmayıb?
Birincisi, Bakı İranın Qarabağ məsələsində tutduğu ikibaşlı mövqeni aydın başa düşür və ümumiləşdirici, sakitləşdirici bəyanatlarının arxasından İrəvana dəstək elementlərinin boylandığını yaxşı anlayır.
İkincisi, İranın qəbul etmədiyi digər məsələ sərhədində Azərbaycanın yeni zolaq yaratmasıdır – söhbət Azərbaycan-Ermənistan sərhədinin Qarabağ istiqamətində demarkasiya işlərinin aparılmasından gedir.
Bu baxımdan Bakı ümumi cümlələrdən istifadə etməklə kifayətlənir və Tehranın rolunun qabardılmasına o qədər də önəm vermir.
Sərhəd məsələsinə gəlincə, telefon danışığından sonra İranın polis komandanı, general Hüseyn Əştərinin açıqlaması yayımlanıb (İran mətbuatında sentyabrın 2-də dərc olunub). Əştəri Ərdəbilə səfəri zamanı qeyd edib ki, İran şimal sərhədlərində Azərbaycanla hər hansı problemlə üzləşməyib.
Mətndə Hüseyn Əştərinin ticarət marşrutunda danışdığı görünür (sərhədin Astara, Biləsuvar hissələri) çünki ardınca bildirir ki, iki ölkə arasında trafik təhlükəsiz şərtlər altında həyata keçirilir.
Bununla belə bir cümlə də diqqət çəkir: “İranın bütün sərhədləri təhlükəsizdir”.
Şimal sərhədlərinə təkcə Astara, Biləsuvar daxil deyil, eyni zamanda Cəbrayıl, Zəngilan, Naxçıvan da bu zolaqdadır.
İran mesaj verir ki, əslində Azərbaycanın apardığı delimitasiya prosesi bizim sərhəd təhlükəsizliyimizə təhlükə yaratmayıb, lakin açıqlamanın nüvəsindəki narahatlıq rəsmi cümlələrin arasında gizlənib.
Niyə İran Azərbaycanın sərhədlərini müəyyənləşdirdiyi bir zamanda sərhəd təhlükəsizliyi məsələsini ön plana çıxarır?
Nəzərə alaq ki, bir neçə gün öncə Gorus-Qafan yolunun – İranla Ermənistanı birləşdirən magistral – Azərbaycan əsgərləri tərəfindən bağlanmışdı. Gorus-Qafan yolunun bir hissəsi (21 kilometr) məhz sərhəd demarkasiyasından sonra Azərbaycanın nəzarətinə keçib.
Sonuncu addım İranla Ermənistanın nəqliyyat arteriyasının kəsilməsi idi, Tehran yenə də Azərbaycanın güclənməsinin praktiki təzahürünü öz üzərində aydın hiss etməyə başladı.
Ona görə də, İran tərəfi sərhəd təhlükəsizliyi prioritetini gündəliyə daşıyır.
Aqşin Kərimov
"Astara" teqi üzrə xəbərlər
- Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü
- Astarada qatar yoluna çıxan piyadanın ayağı amputasiya olunub
- Balıq ovlamaq istəyən şəxs faciəli şəkildə öldü
- Bağlarda kütləvi şəkildə zərərverici həşəratlar yayılıb: Meyvə ağaclarında xəstəliklər BAŞ QALDIRIB
- Evlənmək istəyən oğlan anasını əsa ilə DÖYDÜ