Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ceyhun Bayramov Tehranda iranlı həmkarı ilə görüşüb - YENİLƏNİB + FOTO/VİDEO
İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Ceyhun Bayramov dəvətə və qonaqpərvərliyə görə təşəkkür ifadə edib. 2021-ci ilin dekabr ayında İran xarici işlər nazirinin Azərbaycana səfərini xatırlayan nazir qarşılıqlı səfərlərin ikitərəfli əlaqələn inkişafına verdiyi töhfəni qeyd edib.
Qısa zamanda ölkə Prezidentləri arasında iki dəfə görüşlərin keçirilməsinin Azərbaycan və İran arasında əlaqələrin inkişafının göstəricisi olduğu vurğulanıb.
Ceyhun Bayramov ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 30%, 2022-ci ilin ilk yarısında isə 18% artdığını qeyd edərək bu istiqamətdə inkişaf üçün potensialın daha çox olduğunu bildirib.
Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlıq, bu xüsusda, “Xudafərin” və “Qız Qalası” layihələrinin əhəmiyyəti ifadə edilib. Ölkələrimiz arasında xüsusilə nəqliyyat sahəsində səmərəli regional əməkdaşlığın mövcud olduğu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti qeyd edilib.
Astarada dəmir yolu terminalının tikintisinin davam etdirilməsinin vacibliyi, eyni zamanda Astaraçay üzərində körpünün tikintisinin də uğurla davam etdirildiyi qeyd olunub.
Münaqişə sonrası mərhələdə azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən Ceyhun Bayramov İran şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla vurğulayıb.
Nazir həmkarına Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında münasibətlərin normallaşmasına hazır olduğunu bildirib.
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian dəvəti qəbul edib İrana səfər etdiyi üçün Ceyhun Bayramova təşəkkür edib. O, iki ölkənin dövlət başçılarının görüşündə əldə olunan nailiyyətləri, imzalanan sənədləri məmnunluqla qeyd edib. Azərbaycanın İranın xarici siyasətində önəmli yer tutduğunu bildirən nazir Hüseyn Əmir-Abdullahian iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, energetika sahələrində əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.
Hüseyn Əmir-Abdullahian həmçinin İran tərəfinin “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”nun icrasında qərarlı olduğunu ifadə edib.
Tərəflər həmçinin çoxtərəfli formatlarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
12:03
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşü başlayıb.
Bu gün səhər Tehrana səfər edən C.Bayramovu iranlı həmkarı ölkənin XİN binasında qarşılayıb.
Daha sonra da nazirlər ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Mənbə: Akharinkhabar.ir
08:27
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə İran İslam Respublikasına yola düşüb.
Bu barədə XİN-in “Twitter” səhifəsində məlumat paylaşılıb.
Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
AR XİN Mətbuat xidməti idarəsinin məlumatı
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) July 4, 2022
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə İran İslam Respublikasına yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.