12 
Yan
2022
18:53
112
42
2070
Virtual karabakh

“MDB-də İSO 37001 sertifikatını almış ilk şirkət məhz biz olduq”

12 Yan, 2022
18:53
2070

“MDB-də İSO 37001 sertifikatını almış ilk şirkət məhz biz olduq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2020-2021-ci illər üzrə müxtəlif sosial layihələrə və yardımlara 40 min manatdan artıq vəsait xərcləmişik”

Bunu, EKVİTA şirkətinin təsisçisi və direktoru İlqar Mehti müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- İlqar müəllim EKVİTA yerli bazarda tanınmış bir brenddir, amma artıq siz ölkə xaricində də layihələr qazanmaqdasınız. Zəhmət olmasa, bu haqda oxucularımıza bir qədər danışardız.

Həqiqətən də 14 illik fəaliyyətimizlə ölkə daxilində bir brend kimi artıq çoxdan formalaşmışıq.  Lakin mən deməzdim ki, yerli bazarda tanınmaq asan oldu. Konsaltinq sahəsində ənənəvi olaraq beynəlxalq şirkətlər marka olaraq daha çox tanınırlar. Həmçinin, zehni məhsul mücərrəd olduğu üçün onun faydasını müştəriyə aşılamaq olduqca ağır işdir.  Amma çətinliklərə rəğmən, özümüzə uyğun bir seqmentdə brendə çevrildik. 

Xaricdəki layihələrə gəldikdə isə, biz hələ yolun başlanğıcındayıq. Baxmayaraq ki, bir neçə ildir xarici tenderlərdə iştirak edirik, iki ay öncə Özbəkistanda layihə qazanmağa müvəffəq olduq və bununla da xarici bazarlara çıxan Azərbaycanın ilk konsaltinq şirkəti olduq. Həmçinin, Türkiyədə, Şərqi Afrikada bəzi layihələrdə iştirak üçün müraciət etmişik. 

- Xidmət sektorundakı çətinliklərə toxundunuz. Buna dair açıqlama verərdiz zəhmət olmasa. 

Bilirsiz, ümumən elə bir yanlış fikir formalaşıb ki, iqtisadiyyatı yalnız istehsal sahələri ilə gücləndirmək lazımdır.  Lakin, bu belə deyil, xidmətləri də ixrac etmək olur, bu sahədə də xeyli yeni iş yerləri açmaq mümkündür. Biz də bunu rəhbər tutaraq iqtisadiyyatımıza töhfə verməkdən qürur duyuruq. 

- Konkret olaraq sizin şirkət iqtisadiyyatımıza nə kimi töhfələr verir?

Daha konkret olması üçün rəqəmlərə nəzər salaq.  Məsələn, təkcə ötən il biz dövlət büdcəsinə ümumilikdə 1.408.326 manat vergi ödəmişik. Hazırda EKVİTA-da 60-a yaxın peşəkar çalışır. Hələ buraya müddətli layihələrə cəlb etdiyimiz yüzdən artıq kənar ekspertlər daxil deyil. İşçilərimizin orta aylıq əməkhaqqı 2,425 manat təşkil edir ki, bu da ölkə üzrə orta aylıq əməkhaqqından 3.4 dəfə çoxdur.  

Əlavə olaraq, biz yerli kadrlarımızı yetişdirməklə əvvəllər əcnəbilərin gördüyü işləri getdikcə daha çox yerli işçilərimizin gücü ilə icra edirik.  Bu da aysberqin daha böyük, görünməyən hissəsidir və uzunmüddətli perspektivdə gələcək inkişafa nüfuz edən bir nailiyyətdir. 

Nəhayət, təvazökarlıqdan uzaq səslənsə də vurğulayım ki, biz 2020-2021-ci illər üzrə müxtəlif sosial layihələrə və yardımlara 40 min manatdan artıq vəsait xərcləmişik. Bu sırf öz mənfəətimizdən ayırdığımız vəsaitdir, yəni idarəçiliyimizdə olan donor vəsaitləri bu məbləğə daxil deyil. 

- Bəs uğurlarınız əsasən nəyin sayəsində formalaşır?

Əslində ölkəmizdə hazırda biznes üçün münbit şərait formalaşıb.  Bu ekosistem elə özü inkişaf üçün başlıca amildir.  Son islahatlar bizim də böyüməyimizə ciddi təkan verib.  Bildiyiniz kimi, satınalma qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən dövlət sifarişlərində KOB-ların xüsusi çəkisi artmaqdadır.  Biz də bu islahatlardan yararlanaraq müxtəlif layihələrə daha fəal qoşulmağa başladıq və bir neçə qurumların sifarişlərində qalib gəlməyə müvəffəq olduq. Müştərilərimiz sırasında İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, ƏƏSMN, KOBİA, ASAN, ADA Universiteti, Azərsu kimi qurumlar yer tutur. 

İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət sifarişləri “lövbər müştəri” funksiyasını oynayır və bunun sayəsində şirkətlərimiz güclənərək xarici bazarlara çıxmaq imkanı əldə edir.  Məhz bu sifarişlərin nəticəsidir ki, biz xarici layihələrə də qatılmaq imkanı əldə etdik, çünki beynəlxalq tenderlərə qoşulmağın başlıca şərti iddiaçının portfelində oxşar layihələrin olmasıdır.  Bu səbəbdən də biz xarici konsorsiumlara dəvət almağa başladıq.  Məsələn, Dünya Bankının Məşğulluğa Dəstək Layihəsi çərçivəsində bizi İtaliya və Türkiyə şirkətləri öz konsorsiumuna dəvət etdilər və Dünya Bankı bizim birgə təklifimizi yüksək dəyərləndirərək bizi qalib elan etdi.  Eyni tərzdə biz, digər xarici konsorsiumlarla birgə Avropa Birliyinin, Asiya İnkişaf Bakının, İslam İnkişaf Bakının, Yaponiya Beynəlxalq İnkişaf Korporasiyasının və digər qurumların müxtəlif layihələrini icra etmişik. 

- Bəs özəl sektorda müştəri durumu necədir?

Özəl sektoru ənənəvi olaraq bizim əsas müştəri bazamızı təşkil edir.  Əslində, şirkətin təməli məhz özəl sektorun müştəriləri üzərində qurulmuşdur.  EKVİTA illər boyu xidmət göstərdiyi müştərilər sırasında BP, Equinor (keçmiş Statoil), Petronas, Toyota kimi şirkətlər var. 

Son zamanlar bu şirkətlərə yerli müştərilərimiz də əlavə olunub. Onlardan Bakcell və Agro Dairy kimi öz seqmentinin nəhənglərini misal çəkmək olar.  Hər iki şirkət bizi korrupsiya ilə mübarizə sahəsində İSO 37001 standartının tətbiqi üçün cəlb etmişdir və artıq Agro Dairy həmin sertifikatı əldə etmiş Azərbaycanın ilk aqrar şirkəti oldu. Bakcell-də də işlər tamamlanmaq üzrədir. 

- Həmin sertifikat haqqında bir qədər ətraflı danışın zəhmət olmasa.  

İSO 37001 sertifikatı şirkətdə korrupsiya ilə mübarizə proseslərini tənzimləyən bir sistemdir.  EKVİTA 2017-ci ildə həmin İSO 37001 sertifikatını almışdır və bu sertifikatı alan ilk Azərbaycan təşkilatıdır.  Bildiyim qədər, o zaman bu sertifikatı bütöv MDB məkanında alan ilk şirkət də məhz biz olduq.  Həmin tarixdən bu günədək hər il beynəlxalq auditorlar şirkətimizin fəaliyyətdə yarana biləcək korrupsiya risklərini tam əhatəli şəkildə təftiş edirlər.  2017-2020-ci illər üzrə auditorumuz Fransanın “Ethics İntelligence” şirkəti olmuşdur, 2020-ci ildən bu günədək isə məşhur Lloyd’s şirkətidir. Son dəfə bu audit 2021-ci ilin may ayında aparılmışdır və uğurla bitirilmişdir.  Faktiki olaraq, bu cür auditləri könüllü təşkil edən Azərbaycanın yeganə konsaltinq şirkəti EKVİTA-dır.

Hal hazırda EKVİTA İSO 37001 sertifikatına sahib olan Azərbaycanın yeganə konsaltinq şirkətidir. Bu səbəbdən həm özəl, həm dövlət sektorundan olan müştərilərin məhz bizə müraciət etməsi təbii haldır.  Biz İSO 37001 sertifikatının və ümumiyyətlə korrupsiya ilə mübarizə ideyasının ölkəmizdə geniş yayılması üçün mütəmadi işlər aparırıq.  Misal üçün, ötən il biz Dövlət Vergi Xidməti ilə birlikdə Gəncə, Quba və Qusar şəhərlərində rüşvətxorluqla mübarizə sahəsində ödənişsiz təlimlər keçirmişik.

Xəbər verdiyimiz kimi, Azərbaycanın konsaltinq şirkəti EKVİTA Özbəkistanda Asiya İnkişaf Bankının (AİB) “Mərkəzi və Qərbi Asiyada Gender-İnklüziv Layihələrinin Hazırlanması və İcrası” adlı layihə üzrə beynəlxalq tenderində qalib elan edilib.

Tender AİB-nın beynəlxalq satınalma portalı vasitəsilə keçirilmiş və AİB-nın baş qərargahı Manila şəhərində qiymətləndirilmişdir. EKVİTA topladığı ən yüksək texniki bala görə Çin, Hindistan və Yeni Zelandiyadan olan xarici şirkətlər arasından qalib seçilmişdir. Beləliklə EKVİTA, xaricə çıxış əldə edən Azərbaycanın ilk konsaltinq şirkəti olub.

https://oxu.az/economy/550250

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri