19 
Sen
2022
11:30
112
18
1160
Virtual karabakh

“Fənərbağça Universitetini tələbə yüksək nəticə ilə bitirirsə, işlə təmin olunur” - MÜSAHİBƏ + FOTO/VİDEO

19 Sen, 2022
11:30
1160

“Fənərbağça Universitetini tələbə yüksək nəticə ilə bitirirsə, işlə təmin olunur” - MÜSAHİBƏ + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fənərbağça Universiteti 2019-cu ildə fəaliyyətə başlayıb. Bu gün Fənərbağça klubunun milyonlarla azarkeşi var. Dünyanın istənilən yerində Fənərbağça markasını müzakirə edərək dost tapa bilərsən. Ona görə də bizi seçən tələbələr yeni bir universitetin yox, qlobal cəmiyyətin üzvü olurlar. Üstəlik tələbələrimizin iş tapmaq imkanı da çox yüksəkdir. Əgər savadlıdırsa, yüksək göstərici ilə universiteti bitirirsə və müəlliminin referansı da varsa, Türkiyədə yerləşən “Medicana” Sağlamlıq Qrupu tələbəni dərhal işlə təmin edir. Yəni bizim universitetdə tələbənin göstəriciləri yüksəkdirsə, işə götürüləcəyinə zəmanət veririk”.

Bu sözləri Oxu.Az-a müsahibəsində Türkiyənin Fənərbağça Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru, həmçinin İqtisadi, İnzibati və Sosial Elmlər fakültəsinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının müəllimi, elmlər doktoru Osman Gültəkin deyib. 

Müsahibəni təqdim edirik:

- Təhsildə ən önəm verdiyiniz məsələ nədir və abituriyentlər sizi niyə seçməlidir? Sizin universitetinizi seçməklə onlar nə qazanırlar?

- İlk olaraq bildirim ki, Fənərbağça Universiteti 2016-cı ildə təsis edilib. Rektorumuz professor Məhəmməd Əmin Aratdır. Fənərbağça klubunun sabiq prezidenti Aziz Yıldırım hələ 2002-2003-cü illərdə universitet açmağı planlaşdırırdı. Ancaq Türkiyədə yaşanan bəzi hadisələr bu xəyalın reallaşmasını bir qədər gecikdirdi, ona görə də universitet 2016-cı ildə yaradılıb, amma fəaliyyətə 2019-cu ildən başlayıb.

2018-ci ildə Ali Koç Fənərbağça klubunun prezidenti seçildikdən sonra o, universitetin idarəçiliyini peşəkar kadrlara həvalə etmək istədi. Ali Koç həm də Koç Universitetinin təsisçisi olduğu üçün bir universiteti necə idarə etmək lazım olduğunu yaxşı bilir. Beləliklə, 2018-ci ildə Fənərbağça Universitetinin idarəçiliyi “Medicana Group”a həvalə olundu. Yəni bu gün Fənərbağça Universitetini Fənərbağça idman klubu və “Medicana” xəstəxanalar qrupu bir yerdə idarə edir.

“Medicana”nın bu il Türkiyədə 17 böyük xəstəxanası fəaliyyət göstərəcək. Qurum İngiltərə və Almaniya kimi ölkələrdə də səhiyyəyə ciddi investisiya qoyub. Türkiyədə “Müasir Elm Akademiyaları” adı altında kollecləri fəaliyyət göstərir. 

- Universitetin yeni olması hansısa problemlərə yol açır?

- Fənərbağça Universiteti yeni olsa da, biz bunun çətinliyini yaşamırıq. Çünki Fənərbağça klubunun milyonlarla azarkeşi var. Dünyanın istənilən yerində Fənərbağça markasını müzakirə edərək dost tapa bilərsən. Ona görə də buraya gələn tələbələr yeni bir universitetin yox, qlobal cəmiyyətin üzvü olurlar. Fikrimcə, bu, onlar üçün böyük üstünlükdür. Üç ildir təhsil verməyimizə baxmayaraq, bu gün xarici tələbələrlə bir yerdə altı min tələbəmiz var. Ümumi sayın 15 faizini xarici tələbələr təşkil edirlər. Müxtəlif mədəniyyətlərin daşıyıcıları bir universitetin daxilində birləşirlər. Universitetimizdə qəbul üçün hər il üç min yer ayrılır, bunlardan 1500 yer türkiyəli tələbələr, elə bir o qədər də xarici tələbələr üçün nəzərdə tutulur. Biz azərbaycanlı tələbələrin universitetimizə gəlməsini çox istəyirik. 

- Fənərbağça Universiteti hansı sahə üzrə xüsusilə ixtisaslaşıb? Yəni prioritet ixtisaslarınız hansılardır?

- Əsasən, idman və sağlamlıq sahəsində ixtisaslaşmışıq. Çünki başlanğıcda fəaliyyətimiz bu istiqamətlər üzrə olub. Amma təbii ki, bu gün digər peşələr üzrə də təhsil veririk. Hazırda universitetimizdə altı fakültə var: İqtisadi, İnzibati və Sosial Elmlər fakültəsi, Mühəndislik və Memarlıq fakültəsi, Rabitə fakültəsi, Sağlamlıq Elmləri fakültəsi, İdman fakültəsi və Əczaçılıq fakültəsi. Tədris ingilis və türk dillərində aparılır. Amma əksər sahələrdə ingiliscə təhsil üstünlük təşkil edir.

İqtisadi, İnzibati və Sosial elmlər fakültəsində tədris ancaq ingilis dilindədir, burada İqtisadiyyat və Maliyyə, İdarəetmə və İnformasiya Sistemləri, İngilis dili və ədəbiyyatı, Siyasi elmlər və Beynəlxalq münasibətlər, Psixologiya kimi ixtisaslar var. Mühəndislik və Memarlıq fakültəsində isə kompüter mühəndisliyi, Sənaye mühəndisliyi, İnteryer memarlığı və Memarlıq ixtisasları yer alır.

Radio və televiziya, ictimaiyyətlə əlaqələr, yeni media ixtisasları Rabitə fakültəsinin tərkibindədir. 

Sağlamlıq elmləri fakültəsində isə çoxlu sayda ixtisaslar var, bunlar arasında fizioterapiya və reabilitasiya, tibb bacısı ixtisasları üzrə təhsil həm ingiliscə, həm də türkcə təhsil almaq mümkündür. İdman fakültəsində isə dörd ixtisas var: Məşqçilik, İdman elmləri, Bədən tərbiyə müəllimliyi, İdman menecmenti. İdman fakültəsində Fənərbağça klubunun bazalarından istifadə edilməsi tələbələr üçün böyük üstünlükdür.

Bildirim ki, azərbaycanlı tələbələr seçim zamanı, əsasən, İdarəetmə və informasiya sistemləri, Kompüter mühəndisliyi, Fizioterapiya və reabilitasiya, Rabitə fakültəsinin tərkibindəki ixtisaslara üstünlük verirlər.  

- Universitet sadəcə bakalavr təhsili verir, yoxsa magistratura və doktorantura üzrə də təhsil almaq mümkündür? 

- Xeyr, tələbələr universitetimizdə həm də magistratura təhsili ala bilərlər. Lakin hazırda sadəcə iki ixtisas - biznesin idarə edilməsi və idman elmləri üzrə bu təhsili verə bilirik, idman elmləri üzrə istəyənlər doktorantura təhsili üçün də müraciət edə bilərlər. Planlarımız arasında növbəti il üçün Hüquq, Diş həkimliyi və Tibb fakültəsi açmaq var. 

Həmçinin 9-11-ci sinif şagirdlərə üçün universitetimizdə gələn il futbol yay düşərgələri təşkil etməyi düşünürük. Onlar həm universitetimizdə sağlamlıq və ya ingilis dili üzrə təhsil alacaqlar, həm də Fənərbağça idman klubunun mərkəzlərində məşq edəcəklər. Bu yolla həm İstanbulu, həm də Fənərbağça Universitetini tanımış olacaq, həm də ingilis dilini öyrənəcəklər. 

- Türkiyədə hər universitetdə xarici tələbələr üçün müraciət tarixi fərqlidir. Sizin universitetin müraciət dövrü hansı tarixlərdədir?

- Dərslər oktyabrın 3-də başlayır. May ayının sonlarından oktyabrın 3-dək tələbələr qəbul üçün müraciət edə bilərlər. Amma bəzən tələbə qeydiyyat üçün sənədləri çatdırmırsa, Yüksək Öyretim Kurulu (YÖK) qeydiyyat müddətini bir neçə gün uzatmağa icazə verir. Tədrisə, əsasən, payızda başlanılsa da, qeydiyyata gecikənlər yazda da başlaya bilirlər. Amma qeydiyyat mütləq şəkildə payıza qədər olmalıdır.

- Müraciət zamanı hansı sənədlər tələb olunur? Hansı fənlər üzrə imtahanlar keçirilir?

- Abituriyentlər attestatla universitetimizə müraciət edə bilərlər. Təbii ki, qiymət ortalamasına baxırıq. Qəbul almaq üçün göstəriciləri (GPA) 60-ın üzərində olmalıdır. Belə olan halda tələbənin müraciəti dəyərləndirməyə alınır, amma qəbula zəmanət vermirik. Çünki tələbələrin fəaliyyətinə baxılır, ona uyğun qərar verilir. İngiliscə bölməsinə qəbul alan abituriyentin TOEFL-ı yoxdursa, bu, problem deyil. Qeydiyyatdan keçdikdən sonra biz onun üçün ingilis dili imtahanı təşkil edirik, həmin imtahanda yaxşı nəticə göstərirsə, təhsilə başlaya bilir. Həmçinin türk dili sertifikatı (TÖMER) yoxdursa, onun üçün də imtahan keçiririk. Amma nəticəsi minimum B1 olmalıdır. 

- Universitetinizdə təhsil haqqı nə qədərdir?

- Bu il xarici tələbələr üçün xərclər az olacaq. Universitetimiz yeni olduğu olduğu üçün tələbələrə uyğun qiymətlər təklif edirik. Belə ki, normalda tədris ingilis dilində aparılan ixtisaslar üzrə illik ödəniş dörd min, türk dilində tədris olan ixtisaslarda isə üç min dollardır, amma azərbaycanlı tələbələrə məhz qardaş ölkə olduğuna görə ingilis dilindəki ixtisaslar üçün üç min, türk dilində tədris üçün isə 2 500 dollar ödəniş təklif edirik. Magistr təhsili üçün illik ödəniş altı min dollar olduğu halda, azərbaycanlı tələbələrə üçün bu məbləğ dörd min dollara salınıb. 

- Fənərbağça Universitetinin yataqxanası varmı?

- Hazırda yataqxana yoxdur, ancaq gələn il açmağı planlaşdırırıq. Bu il isə tələbələr yerləşmədə problem yaşamasın deyə, universitetimiz özəl yataqxanalarla əməkdaşlığa başlayıb. Tələbələr üçün əvvəlcədən yerlər almışıq. Ona görə də yataqxana ödənişini universitetimizə edəcəklər.

Yataqxananın illik qiyməti üç min dollar təşkil edir. Amma mütləq deyil ki, bizim təşkil etdiyimiz yataqxanalarda qalsınlar. Ayrıca ev tutub orada da qala bilərlər.

- Xarici tələbələr üçün təqaüd proqramı mövcuddurmu? Nə qədər tələbə bundan faydalana bilir?

- Əvvəldə də dediyim kimi, əgər azərbaycanlı tələbə bizim universitetə qəbul olunursa, dərhal ona 25 faiz təqaüd verərək illik ödəniş qiymətini azaldırıq. Amma tam təqaüd vermirik. Daha artıq təqaüd almaq üçün “Fənərbağça” klubunun fərqli idman növləri üzrə komandalarının tərkibində olmalıdırlar. Çünki biz aktiv idmançı olanlara təqaüd veririk.

- Bəs universitetin başqa xarici universitetlərlə əməkdaşlığı mövcuddurmu? Yəni tələbələr Fənərbağça Universitetində mübadilə proqramından istifadə edərək hansısa bir Avropa, Amerika ölkəsində təhsil ala bilərlərmi?

- İdarəetmə və informasiya sistemləri, Kompüter mühəndisliyi ixtisasları üçün ABŞ-dakı partnyor universitetlərlə birgə xüsusi proqramımız var. Belə ki, tələbə bizdə dörd il təhsil alıb diplomunu əldə etdikdən sonra ABŞ-dakı əməkdaşlıq etdiyimiz universitetlərdən birinə gedərək bir il də orada oxuyub həmin universitetin də diplomunu ala bilir. Amma buna nail olmaq üçün tələbə müəyyən göstəricilərə cavab verməlidir. Normalda tələbə həmin universitetdə gedib dörd il təhsil alacaq olsa, 60 min dollar ödəniş etməli olacaq, amma bu üsulla 12 min dollar bizim universitetə, 15 min dollar da oradakı universitetə pul ödəyir və 27 min dollara iki diplom almış olur.

Həmçinin tələbələrimiz “Erasmus” proqramına da müraciət edə bilərlər, çoxlu sayda universitetlə müqaviləmiz var. Onlara Almaniya, Litva, Latviya, Polşa və digər ölkələrdə təhsil almaq imkanı tanıyırıq. Bu proqram üzrə xaricə illik 23 nəfər göndərə bilirik. Amma hər il say fərqli olur.

- Son illər Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı olduqca artıb. Onların hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Türkiyədə təhsilin Azərbaycandakından daha çətin olduğu deyilir. Amma əslində, bir şeyin çətin olması, daha çox şey öyrənəcəkləri mənasına gəlir. Bəlkə də, çətinliyi dil fərqinə görə yaşayırlar, amma bir neçə ay sonra bu problem də həll olur. Məzun olduqda isə bütün çətinliklər yox olur və yaxşı bir diplomla geri qayıdırlar. Məndə belə bir təəssürat yaranıb ki, azərbaycanlı tələbələr təhsilə çox meyillidir, ona görə də bizə yüksək əhvalla gəlirlər. Sadəcə bəzən düşünürlər ki, biz sadəcə idmanyönümlü fəaliyyət göstəririk, amma digər fakültələrimizdə də təhsil yüksək səviyyədədir. 

- Gələcəkdə Azərbaycanda universitetinizin filialını açmağı düşünürsünüzmü?

- Bizim Azərbaycanda “Oxford” və Qafqaz Təhsil Mərkəzləri ilə əməkdaşlığımız var, onlar təmsilçiliyimizi edirlər. Tələbələr həmin mərkəzlər vasitəsilə də universitetimiz haqqında ətraflı məlumat ala bilirlər. Amma planlarımız arasında Azərbaycanda, hələ ki, Məlumat Mərkəzi açmaq var.

- Mümkündürsə, universitetin yerləşdiyi coğrafi ərazi, oranın üstünlükləri barədə də məlumat verərdiniz. 

- Fənərbağça Universiteti İstanbulda yerləşir. Mərkəzdə olduğu üçün digər yerlərə getmək olduqca rahatdır. Yanımızda böyük bir alış-veriş mərkəzi yerləşir. Tələbələr ilk bir il yataqxanada qaldıqdan sonra rahatlıqla evə çıxa bilərlər, çünki ətrafda çoxlu sayda binalar var. Kampusda tələbələr restoran, əyləncə mərkəzi, bir sözlə hər şey tapa bilirlər. Sabiha Gökçen hava limanına 30 dəqiqə məsafədə yerləşir. Qarşımızda İstanbul Finans Mərkəzi inşa edilir. Türkiyə Mərkəzi Bankı orada olacaq. Böyük bankların mərkəzləri də oraya köçürülür. Tələbələrin iş tapmaq imkanı da çox yüksəkdir. Əgər tələbə savadlıdırsa, yüksək göstərici ilə universiteti bitirirsə və müəlliminin referansı da varsa, “Medicana” dərhal onu işlə təmin edir. Yəni bizim universitetdə tələbənin göstəriciləri yüksəkdirsə, işi sığorta altındadır. 

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri