Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) “Lu-Mun Holding” MMC ilə birgə humanitar-xeyriyyə aksiyasını reallaşdırıb. Xeyriyyə aksiyası 11 aprel 2024-cü il tarixində Neftçala rayon mərkəzində və Zaqatala rayonu ərazisində həyata keçirilib.
Layihə çərçivəsində 1,5 tondan artıq humanitar yardım ərzaq məhsulları 80 ailəyə (təxminən 240 şəxsə) çatdırılıb. Bildirək ki, hər bir qutuda 18 kiloqramdan artıq, ailə tərkibi, əsasən, 3-5 nəfərdən ibarət aztəminatlı ailələrə və tənha qocalara bir aylıq qidalanma üçün nəzərdə tutulmuş sayda, müxtəlif çeşidlərdə ərzaq məhsulları paylanılıb.
Tədbirdə “Lu-Mun” holdinqin törəmə şirkəti olan “Azerbaijan Fish Farm” MMC-nin əməkdaşları da iştirak ediblər.
100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti qanunvericiliyin tələbləri ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. AzQAC milliyyətinə, cinsiyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan 1920-ci ildən bəri insanlara humanitar yardım göstərir.
2017-ci ildən fəaliyyət göstərən “Lu-Mun Holding” MMC Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkətidir. Holdinqin əsas missiyası Azərbaycanın milli resurslarını optimallaşdırmaq və dirçəltməkdir. Holdinqin məqsədləri isə sağlam və dayanıqlı həyat tərzini cəmiyyətimiz üçün əlçatan və cəlbedici etmək və inkişaf etdirdiyi xidmətlər və məhsullarla tarixdə iz qoymaqdır.
Qeyd edək ki, cəmiyyət tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış “YARDIM.ET” adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində HÖP, SMS, “MilliÖn”, “eManat”, hesab.az, “m10”, “mPay”, “ePul”, “Paşa Bank”, “Bank of Baku” və “UniBank” mobil tətbiqləri, həmçinin sayt vasitəsilə bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyaclı insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.
Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar, o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər: [email protected].
Rəylər