Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk şəhərinin dəmiryolu vağzalına reaktiv pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində azı 13 nəfər ölüb.
Oxu.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə sözügedən şəhərin meri Boris Filatov məlumat verib.
Onun sözlərinə görə, hücum zamanı mülki elektrik qatarı hədəfə alınıb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjan bildirib ki, Rusiya Silahlı Qüvvələri şəhərdə yerləşən nəqliyyat infrastrukturu obyektinə hücum edib.
"Hazırda 13 nəfərin öldüyü məlumdur, ən azı daha beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - deyə o qeyd edib.
Onun sözlərinə görə, həkimlər tərəfindən zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir.
"Yüksək təhlükə barədə xəbərdarlıq elan edilməsinə baxmayaraq, həmin an platformada insanlar olub. Hadisə nəticəsində ölənlər və yaralananlar var", - deyə məlumatda vurğulanır.