Laçında yenicə açılan müəssisə ekoodun istehsal etməklə, meşələrin qorunmasına xidmət edəcək.
Bu gün Laçında fəaliyyətə başlayan və onlarla yeni iş yerinin açılmasına səbəb olan yeni müəssisələr zamanın tələblərinə cavab verən təsisatlardır. Kreativlik və ətraf mühitin qorunması baxımından diqqət çəkən müəssisələrdən biri ötən ay fəaliyyətə başlayıb. Briket, yəni ekoodun istehsalı ilə məşğul olan müəssisə xammal seçimi baxımından tamamilə fərqlidir. Ekoloji təmiz məhsul sayılan bu odun növü digər sexlərdəki istehsalat qalıqlarından, məsələn, mebel qırıqlarından, kəsinti və tullantılardan hazırlanır. Həmin qalıqları yüksəkhərarətli peçlərdə presləyib odun düzəldirlər.
Bu prosesi həyata keçirmək üçün İtaliyadan xüsusi avadanlıq gətirilib. Bakı Abadlıq Xidməti öz ənənəsinə uyğun olaraq bu dəfə də yeni müəssisədə təlimlər keçməklə işə başlayıb. Müasir avadanlığın quraşdırılması, işə salınması, yeni texnologiya ilə işləyən laçınlılara xüsusi kursların keçirilməsi də italiyalı mütəxəssislər tərəfindən həyata keçirilib. Artıq təlim prosesi başa çatıb, sex istehsalata başlayıb.
Ekoloji odunu adi odundan fərqləndirən cəhətlər hansılardır? Ekoodun adi odundan baha olsa da, uzun müddət yanır. Məsələn, bir kisə kömür iki saata israf olunursa, bir kisə briket 7-8 saatlıq yanmanı təmin edir. Bu prosessin ekoloji cəhətdən böyük üstünlükləri var. Adi kömür ağacın məhv olunması vasitəsilə əldə olunursa, briket, yəni ekokömür yalnız qalıqlardan hazırlanır. Bu da itkisiz istehsalat deməkdir. Bir sexin qalıq və qırıntıları hesabına ikinci sexin fəaliyyəti təmin olunur.
Ekoodundan hər növ soba və kaminlərdə istifadə etmək olur. Qida sənayesində, kafe və restoranlarda, təbiət qoynundakı pikniklərdə, samovar və manqallarda da bu odun işə çox yarayır. Briketlərin istehsalında heç bir kimyəvi qatqıdan istifadə edilmir. Bu məhsulun ən vacib cəhəti ekoloji təmiz məhsul olmasıdır. Və əlbəttə ki, əhali ekoodundan istifadə edəcəksə, meşələrimiz qırılmayacaq, planet bir təhlükədən xilas olacaq. Mütəxəssislərin fikrincə, meşələri qırıb, sağlam ağacları oduna çevirən brakonyerliyə qarşı mübarizədə qanunvericilikdə sərt qadağaların təsiri gücləndikcə, insanların ekooduna rəğbəti eynən inkişaf etmiş Avropa ölkələrindəki kimi artmaqdadır.
Xatırladaq ki belə bir müəssisə “Bakı Abadlıq Xidməti” MMC-nin təşəbbüsü ilə Bakıda xeyli vaxtdır qurulub. Amma Bakıdan Qarabağa odun daşımaqdansa sözügedən sexin birini də Laçında açmaq daha məqsədəuyğun hesab olundu. Hazırda Laçındakı ekoodun sexində 12 yerli sakin çalışır. Amma məhsul alındıqca, yəni bazarda bu məhsula tələb artdıqca təklif də artacaq, yəni istehsalat daha da genişlənəcək.
Rəylər