“Hiss Art Space” qalereyasında rəsm sərgisi keçirilib.
Mərkəzdə 28 uşağın rəsmləri sərgilənib.
Qalereyanın rəhbəri Fidan Manaflı bildirib ki, artıq beş aydır ki, “Hiss Art Space” fəaliyyət göstərir:
“Biz buranı açan zaman adı “Hiss” olaraq seçdik. Çünki incəsənət elə bir sahədir ki, hisslərlə yaşamaq lazımdır. Qalereyanın yaradılmasında əsas məqsədimiz müasir incəsənət nümunələrini üzə çıxarmaq, bütün incəsənət dünyasını bir araya yığmaq, gənc rəssamların yetkin sənətkar kimi formalaşmasına, bu sənət növünü mükəmməl mənimsəməsinə kömək etməkdir. Buraya 4 yaşından yuxarı şəxslər gələ bilərlər. Bu gün mərkəzimizdə 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin rəssamı Məryəm Axundovanın balaca rəssamlarının və bizim tələbələrin sərgisi keçirilir. Bu bizi sevindirir. Hazırda qalereyada 25-dən çox balaca tələbəmiz var. Məqsədimiz bu rəqəmin 25 yox, 250 olmasıdır. Çünki həmin şəxslərin burada öyrənməsi üçün bütün şərait yaradılıb”.
“Hiss Art Space”də rəsm, keramika, dulusçuluq, epoksi qatranı dərsləri, kilimçilik, art dequstasiyalar, moda sketçləri dərsləri və fərqli master-klaslar keçirilir.
Epoksi qatranı rəssamı olan Fidan Manaflı bu sahənin inkişaf etidirilməsini çox istəyir:
“Bildiyiniz kimi, epoksi qatranı dünyaca məşhurdur və məqsədimiz Azərbaycanda da bu sahəni xanımlarımız arasında tanıtdırmaq və inkişaf elətdirməkdir. Epoksi qatranı maye şəkilində olur və 24 saat ərzində quruyur. Qarışdırdığımız zamandan 40 dəqiqədən 1 saata kimi üzərində nə istəsək çəkə bilərik, amma bu müddət tamam olandan sonra heç nə alınmaz. Epoksidən qablar, şəkillər, divar saatları və s. yaratmaq olur. Tələbəyə düzgün texnikaları öyrətdikdə heç bir çətinliyi yoxdur, zövqverici bir prosesdir”.
Qeyd edək ki, “Hiss Art Space”də 5-11 yaşlı uşaqların rəsmləri sərgilənib.
F.Manaflı qeyd edib ki, mərkəzdə rəsm dərslərinin həftədə iki dəfə olmaqla, 50 manatdır:
“Müəllimlərimiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitiriblər. Biz burada təqdimatlar keçirmək, Azərbaycanın fırça həvəskarlarının sərgilərinin açılmasına yardımçı olmaq istəyirik. Eyni zamanda mərkəzimizdə bu yaxınlarda art kafe də açılacaq və tələbələrimiz bundan rahat şəkildə yararlana biləcək. Biz çalışdıq ki, bunların hamısını mərkəzimizdə birləşdirək ki, günün yorğunluğunu atmaq istəyənlər bizə qatılsın”.
“Hiss Art Space” hər gün saat 11:00 - 21:00-a kimi fəaliyyət göstərir.
Ünvan: Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 19.
https://instagram.com/hissartspace?igshid=YmM0MjE2YWMzOA==
“Hiss Art Space” qalereyasında rəsm sərgisi keçirilib - FOTO/VİDEO
Rəylər