Tanınmış stilist Samiraldo (Samir Əliyev) 2016-cı ilin yaz-yay dəb yenilikləri barəsində Oxu.Az-ın suallarını cavablandırıb.

-2016-cı ilin yaz-yay aylarında xanımlar və bəylər nə cür geyinsələr daha dəbli görünə bilərlər?
-Bu ilin yaz-yay geyimlərində xüsusilə çəhrayı rəngli gül elementləri aktual olacaq. Rəngəbərəng, səliqəsiz, bir-birinə rəng etibarən uyğun gəlməyən geyimlər dəbdə olacaq. Dizaynerlər ziyafət libaslarında güpürdən istifadə edəcəklər, hansı ki, bədənin müəyyən hissələrinin görünməsi dəbli olacaq.


-Makiyaj və saç düzümündə daha çox hansı rənglərdən istifadə olunacaq?
-Makiyajda qaşlar və dodaq boyaları qabardılacaq. Qalın qaşlar öz aktuallığını qoruyub saxlayacaq. Gözlər daha sadə və təbii görünməlidir. Saçların dibinin qəhvəyi, uclarının isə mavi, çəhrayı rənglərdə olması, eyni zamanda uzun və düz saçlar bu ilin yaz-yay dəbinə uyğundur. Ümumiyyətlə, “ombre” stilində (üç rəngdən ibarət-red.) saç və dodaq boyası dəbdə olacaq.




-Hansı yerli tanınmışlar səhnə geyimlərində daha düzgün seçim edirlər?
-Müğənnilər arasında ən zövqlü İlhamə Quliyeva idi. Aygün Kazımova da zövqlüdür. Mütəmadi olaraq dəblə maraqlanan bir insan kimi deyə bilərəm ki, azərbaycanlı müğənnilərin çoxusu zövqsüzdür. Təəssüflər olsun ki, ötən ildən bəri efir məkanında yaxşı geyinən müğənni görmürəm. Bəlkə də bundan sonra da görməyəcəyəm, çünki zövq daxildən gəlməlidir.


Korifey sənətkarlarımız öz dəbli geyimlərini hansısa “fashion week”ə və s. baxıb götürməyiblər. Geyimlərini özləri seçiblər. İndiyədək onların geyimləri dəbli və maraqlıdır. Nisə Qasımova, İlhamə Quliyeva, Flora Kərimova, Zeynəb Xanlara, Elmira Rəhimova 70-ci illərin ən dəbli müğənniləri olublar. Amma indi telekanallarımıza baxıb bizim müğənnilərin zövqsüz geyimləri ilə gözlərimi yormaq istəmirəm.



Samiraldo nə qədər zövqdən danışsa da, bununla efirdə olan zövqsüz müğənninin zövqü düzəlməyəcək. Bu, onun daxilindən, canından, qanından gəlməlidir. Gedib hansısa brend markanın geyimini alıb geyinsə belə, öz “zövqü” ilə həmin paltarı korlaya bilər. Elələrinin nəinki geyimləri, musiqiləri, ifası, nitqi, davranışı, da zövqsüzdür. Təəssüflər olsun ki, elə müğənnilər hər gün 3-4 dəfə efirdə olurlar. Mavi ekranı qara ekrana çevirirlər. Efirə çox bərbad halda çıxırlar.
-Zövqsüz geyinən ulduzların geyimlərində yol verdikləri ən əsas yanlışlar nədən ibarətdir?
-Bizim müğənnilər geyinəndə bədənlərindəki eyibləri - əyri ayaqları, ətli qolları, yekə qarını və s. gizlətmək əvəzinə onları açıb nümayiş etdirirlər. Bu, çox biabırçı görünür.
Müğənni geyimindən əlavə öz bədən formasını qoruyub saxlamalıdır. Bədən quruluşuna uyğun geyim geyinməlidir. Məsələn, Flora Kərimova hər zaman bədən quruluşuna uyğun geyimlər geyinir. Buna görə də yaşından asılı olmayaraq çox gözəl görünür.

Səhnə gözəlliyi sevir. Eybəcər bədən formasında efirə çıxmaq nə vacibdir axı?!
Ulduz həyatının qanunu dietadır. Buna əməl etmək lazımdır.
Aytən Sadıqzadə
www.oxu.az