Tupak Amaru Şakur - tarixin ən nüfuzlu hip-hop ifaçısı, abidəsi qoyulan ilk reper, şairdir. Əfsanəvi musiqiçi, həmçinin 2Pac, Makaveli səhnə adları ilə də tanınıb.
25 illik qısa ömründə o, 70 milyondan çox solo disklə bütün zamanların ən populyar və ən çox satılan musiqiçisinə çevrilib.
Dinamik, ifadəli musiqi janrında yazdığı əsərlərində o, sosial problemlərə etiraz edir, irqi ayrı-seçkilikdən, yoxsulluqdan, zülmdən, şəhər gettolarının amansız şəraitində yaşamaq uğrunda mübarizəsindən bəhs edib.
TUPAK ŞAKURUN UŞAQLIĞI VƏ YENİYETMƏLİYİ

Repin ən istedadlı nümayəndələrindən biri olan Şakur 1971-ci il iyunun 16-da Nyu-Yorkun kriminal Harlem rayonunda anadan olub. Doğulduğunda ona Leseyn Periş Kruks adı qoyulub. Məşhurlaşdığı ad isə ona xaç suyuna salınan zaman hindu qəbilə başçısının nəslindən olan perulu azadlıq döyüşçüsünün xatirəsinə verilib. Ögey atasının soyadı ilə birlikdə bu, təqribən belə bir məna verir - “Uca Parlayan İlana Minnətdarlıq”.
Tupakın valideynləri afro-amerikalıların hüquqlarını müdafiə edən “Qara Pantera” radikal sol hərəkatının fəalları olublar. Onun bioloji atası oğlu dünyaya gəlməmiş ailəni tərk edib. Ana və oğlu çox tez-tez - ildə bir neçə dəfə köçmək məcburiyyətində qalıblar.

Şakur ilk təhsilini aldıqdan sonra Baltimordakı İncəsənət Məktəbində oxuyub, iki il rəqs, aktyorluq, musiqi nəzəriyyəsi və poeziya təhsili alıb. O, 1988-ci ildə məktəbi yarımçıq qoyaraq ABŞ-nin Qərb Sahilində yerləşən Merin Siti şəhərinə köçür. Burda o, ilk dəfə polis protokollarına düşüb. Ancaq reper zarafatla ilk həbs həyatını doğulmamışdan əvvəl yaşadığını bildirib. Belə ki, anası ona hamilə olanda Nyu-Yorkda polis idarələrindən birində terror aktını təşkil etməkdə şübhəli bilinərək saxlanılıb və bir neçə gün həbsdə qalıb.
Ömrünün son ilində Tupakın kompozisiyalarında ölümün yaxınlaşdığı barədə çoxlu işarələr olub. O, həmçinin öz ölümünü saxtalaşdıran məşhur filosof Nikkolo Makiavellinin yaradıcılığı ilə maraqlanıb və səhnə adını onun soyadına dəyişib. “Death Row” ilə müqavilə əsasında üçüncü və son albomu “The Don Killuminati: The 7 Day Theory” reperin ölümündən sonra çıxıb.
SAĞ OLDUĞU BARƏDƏ İDDİALAR

Qeyd edək ki, sonradan ortaya çıxan hadisənin “təfərrüatı” və şahidlərin şərhləri pərəstişkarlarında sənətçinin ölümünə şübhə yaradıb. Bəziləri onun Malayziya, yaxud Kuba adalarında bir yerdə məskunlaşdığı barədə iddialar səsləndirib.
Tupakın sağ qalması barədə söz-söhbətin ilk müəllifi isə musiqiçinin keçmiş cangüdəni Maykl Nayq olub. O, verdiyi müsahibələrin birində Tupakın həqiqətən ağır yaralandığını, amma sağ qaldığını deyib. Nayqın sözlərinə görə, reperin Barbadosa, oradan da Kubaya aparıldığı barədə videogörüntülər var.