ABŞ-nin "Mattel" şirkəti Merlin Monronun anadan olmasının 100 illiyi münasibətilə onun obrazında yeni Barbi gəlinciyi buraxıb.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir.
Oyuncağın xarici görünüşü "Cənablar sarışınlara üstünlük verirlər" ("Gentlemen Prefer Blondes") filmindəki geyimdən ilhamlanaraq hazırlanıb. Məşhur səhnədə aktrisa "Diamonds Are a Girl's Best Friend" mahnısını ifa etmişdi. O, belində böyük bant olan fuksiya rəngli libas və almaz boyunbağı taxmışdı.

Yeni gəlinciyin qiyməti 81 dollardır. Bu, "Mattel"in Merlin Monrodan ilhamlanaraq buraxdığı ilk Barbi seriyası deyil. 1997-2002-ci illərdə şirkət həmçinin "Yeddinci ilin həyəcanı" ("The Seven Year Itch"), "Milyonçu ilə necə evlənməli" ("How to Marry a Millionaire") və "Şahzadə və rəqqasə" ("The Prince and the Showgirl") filmlərindəki obrazlar əsasında gəlinclər təqdim etmişdi.