Rus əsilli amerikalı aktyor Anton Yelçin həyatını itirib.
Oxu.Az xəbər verir ki, hadisə iyunun 19-da baş verib.
Xarici mətbuatın məlumatına görə, aktyorun məşqlərə gəlmədiyini görən dostları onunla telefon əlaqəsi yarada bilmədikdən sonra polisə müraciət ediblər. Polis əməkdaşları aktyorun evinə yollanıb.
Onun evinin qapısının yanında, avtomobil ilə poçt qutusunun arasında sıxışıb qalmış cəsədi aşkar edilib.
Bu, bədbəxt hadisə kimi qiymətləndirilməyib. Məlum olub ki, avtomobilin mühərriki işə salınıb.
Aktyorun ölümünə dair meksikalı rejissor Gilyermo del Toro Twitter səhifəsində şərh yazıb:
“Təvazökar və istedadlı insan idi. Biz bir ilə yaxın bərabər işləmişik. Təəccübləndim”.
“Anton Yelçin həqiqətən mehriban insan idi. O, mənim üçün hər zaman belə qalacaq və mən heç zaman onun təbəssümünü unutmayacağam. Ruhu şad olsun...”,-deyə aktrisa Oliviya Uayld sosial şəbəkə vasitəsilə öz fikirlərini bölüşüb.
Yelçin 2000-ci ildə “Təcili yardım” serialında debüt edib, 40-a yaxın rol oynayıb. “Alfa Doq”, “Terminator: Xilaskar gələcək”, “Nyu-York səni sevirəm”, “Startrek” filmlərində də iştirak edib.
Onun 27 yaşı var idi.
Aytən Sadıqzadə
www.oxu.az