Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Cəmilə Cavadova-Spitsberqin konserti olub.
Oxu.Az xəbər verir ki, konsertdən əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov çıxış edərək ifaçı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirən ifaçı bir çox nüfuzlu müsabiqələrə qatılıb. Sonralar Hollandiyada təhsil alan Cəmilə Cavadova-Spitsberq keçmiş SSRİ məkanında, Avropada, o cümlədən Hollandiya, Almaniya, İngiltərədə, həmçinin ABŞ-da konsert proqramları ilə çıxış edib və bu ölkələrdə tanınmış ifaçıdır. Konsertdə bir çox tanınmış şəxslərlə yanaşı Eldar Qasımov da qonaq qismində iştirak edib.
Sonra söz musiqiyə verilib. Cəmilə Cavadova-Spitsberq anası Gülşən Cavadovanın xatirəsinə həsr etdiyi konsertdə tamaşaçıların qarşısına dəyərli həmkarları Oya Ergün (vokal) Rasimə Babayeva (orqan), Şirzad Fətəliyev (tütək), dünyaca məşhur Emil Əfrasiyab (piano) və Malik Mansurov (tar) ilə bərabər çıxıb.
Türkiyənin çox önəmli opera ifaçısı Oya Ergün bildirib ki, Cəmilə ilə bir səhnəni bölüşmək onun üçün çox xoşdur.
Qeyd edək ki, Oya Ergün və Cəmilə Cavadova konservatoriyanı Hollandiyada birlikdə oxuyublar.
Onu da deyək ki, Cəmilə Cavadova ilə konsert verən dostları ayrı-ayrılıqda dünyanın müxtəlif ölkələrində konsertlər veriblər.
Proqramda xarici bəstəkarlardan Yucin Jiqu, Nikolas Bruns, V.A.Motsart, Culio Kaççini, Kristof V.Qlük, İ.S.Bax, Nikolas de Qrinyi və D.Şostakoviçin, Azərbaycan bəstəkarlarından isə Qara Qarayev və Vasif Adıgözəlovun əsərləri səsləndirilib.
Vurğulanıb ki, Cəmilə Cavadova-Spitsberq Azərbaycanda musiqi ifaçılığı sənəti doktoru adını qazanmış ilk orqanistdir.
Qeyd edilib ki, hazırda Cəmilə Cavadova-Spitsberq Amerikanın Texas ştatının Dallas şəhərində yaşayır və bu şəhərin Dövlət Universitetində professor - mühazirəçi kimi çalışır. Eyni zamanda, o, solo və ansambl ifaçısı kimi də fəaliyyət göstərir.
Aytən Sadıqzadə
www.oxu.az