Oxu.Az ATV-nin aparıcısı Mətanət Əliverdiyeva ilə müsahibəni təqdim edir:

1973-cü il, sentyabr ayı. Mətanət Əliverdiyeva 7 aylıq olarkən çəkilən foto.
- Sosial şəbəkələrdə haqqınızda yazılan müsbət və mənfi şərhlərə münasibətiniz...
- Müsbəti qəbul edirəmsə, deməli mənfini də qəbul etməliyəm. Tamamilə birxətli olsa, o mənim üçün maraqsız olar. Mənfini oxuyanda qıcıqlanıram.

- Hər dəqiqəsini İnstagram-da şərh edib, gah ayaqlarının, gah da yatağının şəkillərini paylaşan məşhurlar haqqında nə demək istərdiniz? Bunları etmək düzgündürmü?
- Çox pisdir. Mən hərdən bunu öz verilişimdə də qeyd edirəm. Harasa gedəndə yaxud ailə üzvləri ilə birlikdə maraqlı mənzərədə şəkillər çəkdirib sosial şəbəkədə yerləşdirmək olar. Amma “yatdım”, “durdum”, “arvadımı qucaqladım”, “arvadımı öpdüm”, “bu mənim gecə köynəyim”, “bu mənim alt paltarım” kimi şərhlər yazıb şəkil paylaşmaq məni çox qıcıqlandırır. Yataq sirli yerdir. Oranı özündən başqa heç kim, hətta ananla atan da görməməlidir. Bütün cəmiyyətə oranı nümayiş etdirmək tərbiyəsizlikdir.

- Verilişə dəvət etdiyiniz şou-biznes nümayəndələri efirdə həyatda göründüyü kimidirlər, yoxsa?
- Xeyr, onu çox az kütlə təşkil edir. Pərdə arxası öpüşüb-görüşürlər, amma biri gedən kimi o birilər onun arxasınca danışırlar. Müğənnilərlə birgə “Fort Boyard” çəkilişlərində olduq, onlar bir-birinin haqqında xoşagəlməz fikirlər səsləndirdilər. Onların xəmiri elə yoğrulub, bir neçə nəfəri çıxmaq şərtilə.
Ötən verilişlərin birində Aygün Bəylər qonağım olmuşdu. O dedi ki, şou-biznes “kaşa”dır. Onun sözünə qüvvət, doğrudan da elədir. Bilmirsən, o “kaşa”nı hansı tərəfdən qaşıqlayasan ki, nəsə tapıb yeyə biləsən.

- Efirdə tez-tez tənqidi fikirlərlə çıxış edirsiniz? Sizdən inciyənlər çox olur?
- Bəli. Bir dəfə Nisə Qasımovanı verilişimə qonaq dəvət etmişdim. Karifey sənətkarımızdır. Mənim bir kəlməm ilə onun siması dəyişdi və 2 saat həmin vəziyyətdə oturdu. Mən duyğusal qadınam. İnsanın gözlərinə, mimikasına baxanda onun nə demək istədiyini bilirəm.
Verilişdə məşhurlara verilən titullardan söhbət açırdıq. Mən söylədim ki, İlhamə xanıma primadonna titulu doğrudan da yaraşır. Onun tanınan insanlara titul verməyə haqqı var. O, əsl primadonnadır. Bu sözlərim Nisə xanımın xoşuna gəlməmişdi.
Mən bu sənətdə iki nəfərə titul yaraşdırıram: Biri primadonna İlhamə Quliyeva, biri isə diva Aygün Kazımova.
Hələ biri də var, özünə Maestro Ceyhun adını qoyub. Maestro adını dahi Ü.Hacıbəyli Niyaziyə vermişdi. Ceyhun nə iş görüb? İki fars musiqisini fonaqrama ilə ifa etməklə özünə Maestro adını qoymaq olar? Ayıbdır!

- Şəxsi münasibətləriniz pis olan müğənniləri verilişinizə dəvət edirsiniz?
- Bir dəfə Gülyazla Gülyanağın geyiminə irad tutdum. İradı bir az pis qəbul edirlər. Efirdə dedilər ki, Mətanət nə vaxt üzr istəsə, barışarıq. Mən niyə üzr istəməliyəm? Təhqir etmişəm sizi?

- Hələ də barışmamısınız?
- Mən heç kimdən küsməmişəm. Mənim bir düşmənim var, o da ermənidir.
- Hansı təqdimatdan xoşunuz gəlir?
- Dj Kənanın təqdimatından: “Matanat xanım”.

- Radioda ciddi xəbər aparıcısı, yoxsa televiziyada şou proqramın aparıcısı olmaq daha rahatdır? Bunlardan hansında Mətanət əsl özünü tapır?
- Mən ümumiyyətlə, həyatda özümü tapmış insanam. İçimdə sərbəstlik var. Ciddi xəbərdə də, şouda da rahatam. Bəzi insanlar “Axı, bu necə olur? Xəbərlə şou bir deyil” deyirlər. Mən onlara demək istəyirəm ki, şouda bir xəbəri tapa bilməyən insan mənim üçün heç nədir. Şounun özündə də xəbər var. Mən xəbərdə olmasam özümü dünyadan bixəbər hiss edərəm.

- Ən qalmaqallı efiriniz hansı olub?
- Bir dəfə efirdə Əli Mirəliyev qonağım idi. O, hamıya ağıl verir, amma onun özünə ağıl vermək lazımdır. Özünü efir məkanında qətiyyən apara bilmir. Efirdə küçə danışığı formasında danışır. Aparıcı danışdığı yerdə onun sözünə müdaxilə edir.
Mənim verilişimdə müğənniyə, efirə yaraşamayan artıq hərəkət edirdi. Elə oldu ki, mən ona canlı yayımda “Əli müəllim, durun, çıxın efirdən!” dedim. O da inciyib, çıxıb getdi. Əslində, inciyəsi mən olmalıyam. Sən mənim qonağımsan, amma özünü apara bilmirsən.

- Teleməkana yaraşmayan aparıcılar kimlərdir?
- ANS-in “Düzbucaq” verilişinin aparcısı Xatirə. O, efirdə məni yamsılayır. Saç düzümüm, saç rəngim, mimikam, mənim hərəkətlərimi eynilə təkrarlayır.
Bəzi aparıcılar mənim tərzimdə xəbər çatdırmağa çalışırlar. Çox gülünc alınır.

- Bəs, aktyorlar sizi parodiya edəndə qəbul edirsiniz?
- Çox bəyənirəm. Coşqun məni “ATV Olay” verilişi ilə parodiya etmişdi, xoşuma gəldi. O, ciddi xəbər idi, bəlkə də haradasa tam uyğunluq yox idi. Amma indiki verilişim “Gündəlik” şoudur. Bunu parodiya etsələr daha uğurlu alınar.

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev