Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bu gün 49 yaşını qeyd edəcəkdi - Səsi yarıda qalan Aygün Bəylər
Avqustun 22-si Azərbaycanın Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) doğum günüdür.
Oxu.Az xatırladır ki, Aygün Bəylər 1975-ci ildə Bakıda anadan olub.
İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə filarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygün təhsil ocağının tələbəsi olur.
Professional səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışları, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır.
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır.
1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Hümmətova Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov və Alim Qasımovdan muğamın incəliklərini öyrənir.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə "Əməkdar artist" fəxri adına layiq görülür.
2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk-muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Azərbaycan muğam məktəbini uğurla təmsil edərək festivalın qalibi olur.
2005-10-cu illər arası Aygün Hümmətova Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Niderland, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s. kimi dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı olaraq solo konsertlərlə çıxışlar edir.
Bu zaman kəsiyində bir çox ölkələrin folk musiqisi ilə, eləcə də Şərq ölkələrinin muğam sənəti ilə yaxın ünsiyyət Aygünün musiqiyə baxışında müəyyən dəyişmələrə səbəb olur və müəllimi Elxan Müzəffərovla bununla bağlı fikirlərini bölüşür.
Böyük muğam bilicisi olan Elxan müəllim ona Niyazinin "Rast", Fikrət Əmirovun "Şur", "Kürd-Ovşarı", "Gülüstan", "Bayatı-Şiraz" simfonik muğamlarına müraciət etməyi tövsiyə edir.
Məhz bunun nəticəsi olaraq, Aygün "Humayun" muğamının üzərində simfonik-muğam yazmaq istəyi ilə 2010-cu ildə yaradıcılıq axtarışlarına başlayır. Amma anlayır ki, arzusuna yetmək üçün bəstəkarlıq peşəsi üzrə təhsil almalıdır.
Ona görə də 2012-ci ildə Aygün Hümmətova Bakı Musiqi Akademiyasının yeni açılan Simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olur.
2015-ci ildə solo konsert təşkil etmək üçün lazım olan məbləğə görə evini girov qoymuşdu. "Günəşli" neft yatağında baş verən yanğın hadisəsi ilə üst-üstə düşdüyünə görə konsert baş tutmamış, nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi.
O, xərçəngə tutulma səbəbini də məhz bu hadisə nəticəsində keçirdiyi stres ilə əlaqələndirirdi.
2022-ci ildə Aygün Bəylərə ölkə başçısı tərəfindən ev hədiyyə olunmuşdu.
Əməkdar artist Aygün Bəylər 6 yanvar 2024-cü ildə Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. 8 yanvar tarixində isə Bakıda, Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.
"Aygün Bəylər" teqi üzrə xəbərlər
- Qızı Aygün Bəylərin vəfatından sonra ilk dəfə müsahibə verdi - VİDEO
- Müğənni Miro Aygün Bəylərin mahnısına yeni nəfəs qatdı - VİDEO
- Qazaxıstanlı müğənni Aygün Bəylərin xatirəsini yad etdi - VİDEO
- Məşhurların Aygün Bəylərlə bağlı son xatirələri: “Konsertə görə analiz nəticələri pisləşmişdi” - VİDEO
- Mərhum Aygün Bəylərin arxiv görüntüləri yayılıb - VİDEO
Rəylər