Rejissor Aqil M.Quliyev şou-biznes nümayəndələrinin ünvanına sərt sözlər deyib.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, “Bizim gün” verilişində qonaq olan rejissor müğənniləri savadsızlıqda və səviyyəsizlikdə günahlandırıb:
“Son vaxtlar şou-biznesdə qara dərililərin rep üslubu yaranıb. Hamı klipdə sənətini, səsini yox, üç ton qızılını, cangüdən sayını, 250 minlik avtomobilini və brilliant qaşlı disklərini reklam edir. Bunların hamısı təhsili olmamaqdan, səviyyəsizlikdən irəli gəlir”.
Aqil M.Quliyev çəkiliş meydançasında onun sözünə qulaq asmayan müğənnini qovması xəbərindən də danışıb:
“Çəkiliş meydançasında “stop” sözünü iki insan deyə bilər: quruluşçu rejissor və rejissor. Çəkilişdə müğənni qəfildən başladı “stop” deməyə. Kameralara dedim ki, dayanın, yığın avadanlığı. Pullarını da geri qaytardım. Hörmətsizliyin son dərəcəsidir. Bağda işçi işlətmirsən. İndi rejissorluq edənlər vəziyyəti elə bir yerə gətirib çıxarıblar ki, rejissor fəhlədən fərqlənmir. Bizi bağban, dırnaqdüzəldən yerinə qoyublar. Bu gün minlərlə müğənni, yüzlərlə rejissor var. “Sarı gəlin”dən sonra mən sındım. 2008-ci ildə bir müğənni gəldi ki, “Sarı gəlin”ə klip çəkək, ermənilərə sübut edək ki, mahnı bizimdir. 15 min manat pul verdi. Bir o qədər də cibimdən xərclədim. Nəticə nə oldu? Yaxşı iş ortaya qoyduğum üçün Youtube kanalında ermənilər videonun altında məni söyürlər. Ondan sonra mən sındım”.
Xatırladaq ki, Aqil M.Quliyev “Sarı gəlin” layihəsini əməkdar artist Abbas Bağırovla birgə edirdi. Rejissor klipi gec təhvil verdiyi üçün qarşı tərəflə aralarında qalmaqal yaranmışdı.