Əməkdar artist Aybəniz Haşımova sənətkarlara sağlığında dəyər verilməməsindən gileylənib.
Oxu.Az xəbər verir ki, müğənni 1980-cı illərlə bağlı xatirələrini sosial şəbəkədə bölüşüb:
“Yaxşı xatırlayıram, 1980-cı illərdə Şövkət xanım Ələkbərovanı, Vaqif Mustafazadəni necə incidirdilər. Bəzi insanlıqdan uzaq olanlar birinə “kökdür, kanalı dəyişin”, o birinə “bunun saçına, saqqalına baxın” deyirdilər. Bu siyahı böyükdür... Amma indi vəziyyət dəyişib. Həmin o kəslər indi söyə-söyə əsəbdən öldürdükləri sənətkarlara bü gün “filankəslər bizim dahilərimiz olub” deyirlər, “dahilərimizdir” deyə fəxr edirlər. Mən başa düşmürəm, niyə öləndən sonra dəyərlilərimizlə fəxr etməliyik? Olmazmı nə qədər sağdı ona ruh verək ki, mədəniyyətimiz üçün bir az da çox çalışsın, ölkə naminə xeyirli işlər görsün?
Mərddən namərd olmaz! 1987-ci ildə ali diplomu olmadığına görə Şövkət xanımı Milli Konservatoriyada müəllim işləməyə qoymadılar. Halbuki Konservatoriyanın nəzdindəki Bülbül adına musiqi məktəbində dərs deyirdi. Ulu öndər Heydər Əliyev məhz Şövkət xanımı yeni ifaçılıq nəslinin artırılmasında, yüksək sənət məktəbi yetişdirməsi üçün müəllim olaraq dəvət etmişdi. Sənətkarı yaşatmağı bacarın, sonra peşman olub deməyək ki, var idi!”.
