Son günlərin maraqlı hadisələrindən biri də gənc publisist-şairə Aysel Əlizadənin aldığı qeyri-adi evlilik təklifidir.
Oxu.Az xəbər verir ki, Ailem.az bu maraqlı hadisənin tərəflərindən olan Ramin Hacılı ilə söhbət edərək, Aysel xanımın şərtlərinin nədən ibarət olduğunu öyrənməyə çalışıb.
- Tədbirdə Aysel xanımdan cavab gözləmədən səhnədən endiniz. Bəs, Aysel xanımın cavabı nə oldu?
- Şərtlərini yazdı mənə (gülür).
- Mümkünsə həmin şərtləri ictimaiyyətlə də bölüşə bilərsinizmi?
- Olduğu kimi deyirəm:
“Ramin, indiki obrazını sonadək qorumağını istəyirəm.
1. İkili həyat yaşamayacaqsan. Həyatın boyu dürüst və ədalətli olacaqsan.
2. Zəhmətdən qorxmayacaqsan, heç vaxt çirkli pullara bulaşmayacaqsan.
3. Nə uğurun olsa da, insanları sevəcəksən, onlara yuxarıdan aşağı baxmayacaqsan.
4. Heç bir halda evə içkili, yıxıla-yıxıla gəlməyəcək, evdə aqressiv ortam yaratmayacaqsan. Sən gələndə bayram olacaq.
5. “Qadınlar gülləri sevər” deyimini unutmayacaqsan.
6. Məişət qayğılarını boynundan atmayacaqsan. Məsələn, gündə ən azı bir dəfə çayı özün dəmləyəcəksən, köməkçi yoxdursa, evi yığışdırmağa kömək edəcəksən.
7. Heç bir xanıma, heç kimin qızına, qadınına artıq-əskik təkliflər etməyəcəksən.
8. Xanımınla karyera rəqabətinə girib onu əzməyə çalışmayacaqsan.
9. Rəfiqəmin həyat və yaradıcılığı diqqətdən kənarda qalmayacaq.
10. Mən sənin ananı sevəcəyim kimi sən də ailəmi - anamı və qızımı özündən ayırmayacaqsan.
Bir sözlə, heç vaxt dəyişmə, Ramin Hacılı!”.
Bu şərtlərin hamısını qəbul etdim.
- Şərtləri qəbul etdiniz, ailəniz razı, toyu nə zamana planlaşdırırsınız?
- Bəli, şərtləri qəbul etdim, ailələr razı, dostlar həsrətlə gözləyir. Toyun sentyabr ayında olmasını təklif etmişəm. Əminəm ki, ümumi razılıqla bu payız dostlarımızla sevincimizi bölüşəcəyimiz məclis quracağıq.