“Pis oluram ki, niyə belə oldu. Saçım, qaşım yoxdur. Hazırda effekt vermişəm deyə, qaş görünür. Saçımı kəsdilər, hələ keçəl edəcəkdilər. Qoymadım ki, qalsın. İndi saçlarıma qaynaq etdirəcəm. Ən pis ayaqlarım yanıb”.
Bu sözləri “Location” klubunda baş verən partlayışda yaralanan bloqer Aysel Şükürova “Instagram”da canlı yayımda olarkən deyib.
O bildirib ki, keçmiş həyat yoldaşı Oqtay Əhmədov ona kömək edib:
“Oqtayla danışırıq, dost kimiyik. Məni xəstəxanaya Oqtay çatdırdı. O, olmasaydı indi torpağın altındaydım. Hamı şokda idi, bilmirdi yanıq nədir. Qaz bədənimə işləyib. O qədər xəstəxanaya getmişəm, heç yer götürmürdü. Yaxşı ki, 5 nömrəlidə olmadım, indi ölmüşdüm. Yadıma düşdükcə havalanıram”.
Aysel bildirib ki, yenidən əməliyyat olunacaq:
“Bəlkə ayağıma dəri köçürtdülər. 6 ay nəsə etmək olmaz, icazə yoxdur, müalicə alacam. Ayaqlarımdan dördüncü dərəcəli yanıq xəsarətlərı almışam. Sadəcə zaman, səbir lazımdır. Böyrəklərim, ağciyərim zədələnib”.
Bloqer atası ilə bağlı suallara isə “Atam hər zaman yanımdadır. Ad gününə getmişdim, bar deyil, pozğunxana deyil. Hamının əylənəcəyi məkandır. Pis iş görməmişəm. Pulumu atam verir, işləyə bilmirəm. Utanıram...” cavabını verib.
Aysel əlavə edib ki, hazırda yeriməkdə çətinlik çəkir.
Bloqer psixoloji dəstək aldığını da söyləyib:
“Yaşadıqlarım adi bir şey deyil, 14 gündür hər şeydən uzaqda müalicə alıram, bədənim yanıb. Hər şeyi unutmaq üçün dərmanlar atıram, amma olmur. Gözümü yumanda partlayış, hamı üstümdən keçir, qışqırıqlar, yerdə qalmağım, əzilməyim, yanmağım, boğulmağım - bu bir faciədir. Bu ağrıları heç düşmənimə də arzulamıram. Hadisədir, başımıza evdə də gələ bilərdi. Qismətdə var imiş...
Heç kim heç kimi qınamasın. Psixoloji müalicə alıram, çox pisəm, amma bu da keçəcək. Əsas istəyim odur ki, ağrılarım keçsin”.
Xatırladaq ki, Aysel Şükürova Bakı Lift İdarəsinin sabiq direktoru Qüdrət Şükürovun qızıdır.