Aprelin 5-də Heydər Əliyev Sarayında konsert verən türkiyəli müğənni Mustafa Sandal çox maraqlı informasiya bölüşüb.
Oxu.Az vesti.az-a istinadla xəbər verir ki, sən demə, “Eurovision-2011”-də Eldar Qasımov və Nigar Camala qələbə gətirən “Running Scared” mahnısı onun həyat yoldaşı Əminə Sandal üçün yazılıb. Onun sözlərinə görə, bu mahnı onun həyat yoldaşına müsabiqədən 9 ay öncə təqdim olunub:
“Biz evdə oturub “Eurovision” mahnı müsabiqəsinə baxırdıq. Bu zaman Azərbaycan öz mahnısını təqdim etdi. Əminə mahnının ona tanış olduğunu dedi. Mənə də tanış gəldi. Əminə internetdə axtarış etdi və “Running Scared” mahnısının konkursdan 9 ay öncə ona təqdim olunduğu aşkar edildi. Ona bu mahnı da daxil olmaqla 4 mahnı təqdim edilmişdi. O, başqa bir mahnını seçdi, bu mahnı isə Azərbaycana qələbə qazanmağa yardım etdi”.
Qeyd edək ki, “Running Scared” kompozisiyasının müəllifləri Stefan Orn və Sandra Byurmandır.