Aparıcı, aktrisa Cəmilə Tağızadə müsahibə verib.
Oxu.Az Ailəm.az-a istinadən xəbər verir ki, Cəmilə hazırda Lider və Chatbox televiziya kanallarında verilişlər aparır. Eyni zamanda “İkinci bahar” serialında çəkilir.
Oxu.Az müsahibəni ixtisarlarla təqdim edir:
- Cəmilə Tağızadə kimdir?
- Mən həm aktrisa, həm də aparıcı kimi fəaliyyət göstərirəm. Aparıcı kimi yeni fəaliyyət göstərməyə başlamışam. Aktrisa kimi isə artıq bir neçə ildir, serillarda çəkilirəm. Hələ heç bir teatrda işləmirəm. Bu ilin may ayında məni “YUĞ” teatrına dəvət etdilər və bir tamaşa verdilər. Mən o tamaşada baş rolda oynadım. Ümidvaram ki, göstərdiyim bu tamaşa izləyicilər tərəfindən bəyənildi. Aparıcı kimi fəaliyyətimdə əldə etdiyim uğurlar aktrisalığa baxanda daha çoxdur. Hazırda Lider TV-də “Fortuna” və Chatbox TV-də verilişlər aparıram. Uşaq vaxtı “Fortuna” verilişinə baxanda arzu edirdim ki, inşallah, bir gün mənim də qarşıma çıxar və mən də ya İstanbula, ya da Dubaya gedərəm. Tale elə gətirdi ki, özüm həmin verilişin aparıcısı oldum. İndi əvvəlkinə baxanda ikiqat həyəcan keçirirəm. İstəyirəm, hər bir yarışmaçı qalib olsun.
- Açıq-saçıq geyinən sənət adamlarına münasibətin necədir?
- Normal. O insanların öz şəxsi məsələsidir. Mənim bu barədə hər hansı fikir bildirməyim doğru olmaz. Özüm çalışıram ki, çox açıq geyimlər geyinməyim. Lakin istəsəm, qısadan da qısa geyinərəm. Bu mənim əhval-ruhiyyəmdən və getdiyim məkandan asılıdır.
- Canlandırmaq istəmədiyin obraz olub?
- Bəli, olub. Daha çox açıq-saçıq rollar təklif ediblər, amma mən razı olmamışam. Ümumiyyətlə, açıq-saçıq səhnələrə pis baxmıram. Əgər istədiyim məbləği - 50 min manat versələr, öpüşərəm. Belə səhnəni oynamaq çox çətindir.
- Niyə yerli seriallarda öpüşmə səhnələrinə pis baxırlar?
- Hələ ki, bizim seriallarda belə səhnələr yenidir. Türkiyə, Rusiya filmlərində və seriallarında da öpüş və erotik səhnələr var. Onlara da hamı baxır. Heç kim həmin səhnəyə pis baxmır. Çünki səhnə yüksək səviyyədə hazırlanır.
E.Ə.
www.oxu.az