“SOS uşaq kəndləri - Gəncə”nin yetirməsi olan 12 yaşlı Xoşqədəm Mehdiyeva Rusiyanın NTV telekanalının “Sən supersən!” beynəlxalq uşaq vokalçılar müsabiqəsinin seçmə mərhələsindən keçib.
Oxu.Az bu barədə Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosuna istinadən xəbər verir.
Xoşqədəm Rusiyanın Surqut şəhərində doğulub. 11 yaşı olanda Xoşqədəmi, onun üç bacısı və qardaşını əvvəlcə Balakən rayonundakı internat evinə, sonra “SOS uşaq kəndləri”nin Gəncə bölməsinin himayəsinə veriblər. Burada Xoşqədəmin həyatında yeni mərhələ başlayıb.
Həmişə gülərüz olan uşaq boş vaxtlarında — istər həyətdə həmyaşıdları ilə oynayanda, istərsə də dərsləri ilə məşğul olanda və ya rəsm çəkəndə oxuyur. Bunu “SOS uşaq kəndləri”nin sosial işçiləri bildirirlər.
“Kiçik yaşlarında yaşadığı bütün acılara baxmayaraq, Xoşqədəm həyat eşqini itirməyib. O həmişə gülümsəyir, ürəkdən şənlənir və oxuyur” — pedaqoq Mətanət Həsənova bildirir.
Rəsm çəkmək və oxumaq arasında seçim edərkən, qız hazırda peşəkar səviyyədə məşğul olduğu vokalı seçib. Rəsmi isə ürəyi istəyəndə çəkir. İndi Xoşqədəm NTV-nin yeni şousu olan “Sən supersən!”də (“Tı super!”) iştirak etmək və qalib gəlmək istəyir.
“Sən supersən!” layihəsində MDB ölkələrindən 92 uşaq iştirak edir. Musiqili şounun finalçıları uşaq “Yeni dalğa”sında (“Novoya volna”) iştirak edəcəklər və avtomatik olaraq uşaq “Avroviziya” yarışmasının seçim mərhələsinin finalına qatılacaqlar. NTV telekanalı isə müsabiqənin sonunda iştirakçıların əksəriyyətinin iştirakı ilə “ŞKİD Respublikası” müziklini səhnələşdirəcək və efirdə göstərəcək.
A.S.
www.oxu.az