Yaradıcılıq işlərini Azərbaycanla yanaşı Türkiyədə davam etdirən Azəri Günel Zeynalova “Show-Tv” kanalında yayımlanan “Her şey dahil” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, proqram Günelin səhnə fəaliyyətinə həsr olunub. İfaçı 5 illik fasilədən sonra yenidən albom çıxarmasından danışıb:
“Mən heç zaman Azərbaycanla Türkiyəni ayırmamışam. Həqiqətən də bir millət, iki dövlətik. Mən isə bir sənətçi olaraq körpü rolunu oynayıram. Azərbaycana gedəndə Türkiyə üçün darıxıram. Artıq beş ildir ki, albom çıxarmırdım. Çünki bir çox şeylərdən incimişdin. Bundan əlavə mənə təqdim olunan mahnılar içərisində məni həyəcanlandıran bir mahnı yox idi. Lakin menecerim Murat mənə “Hər şeyə dəyər” adlı mahnını göstərdikdən sonra, bəstəni bəyəndim. Beləcə albom çıxarmağa qərar verdim”.
Günel illər öncə Türkiyənin tanınmış sənətkarı ilə tanışlığından da danışıb:
“Məni İbrahim Tatlısəs kəşf edib. O, Azərbaycanda konsert verdiyi zaman “kim oxuya bilər?”, deyə sual verdi. Bir çoxları kimi mən də əlimi qaldırıb, “mən oxuyaram” dedim. O, məni səhnəyə çağırdı. İfamı bitirdikdən sonra, mənə dedi ki, “Albom çıxartmaq istəyərsən?”, mən isə düşünmədən “hə” dedim.
Beləliklə, mənim səhnə fəaliyyətim başladı. İndi bəzən mahnılar axtardığım zaman mənə deyir ki, “Günel, mənim gözəl mahnılarım var. Onları götür, oxu. Niyə başqa mahnı axtarırsan ki?”. Mən də artıq İbrahim Tatlısəsin repertuarından on dörd klassik mahnı lentə aldırmışam. Hamı bilir ki, İbrahim Tatlısəsin əli mənim üstümdədir. Onun nəzarəti altında sənətimi davam etdirirəm. Bundan böyük bir qürur ola bilməz ”.
Günel imicindən də danışıb:
“Bir çoxları deyir ki, guya mən üzümdə əməliyyat etdirmişəm. Amma bu, yalandır. Artıq mən böyümüşəm. Hətta səsim də dəyişib. Oturuşmuş səs olub. Artıq uşaq səsli Günel yoxdur. Üz cizgilərim dəyişib. Bircə qaşlarımı almışam.
Onun da ki, icazəsini Azərbaycan xalqından almışam. Azərbaycan xalqından icazə alıb, qaşlarıma biçim verdim. Baxmayaraq ki, Azərbaycanda ərə getməyən xanımlar qaşlarını almırlar. Amma mən bir sənətçi olduğum üçün bu addımı atdım”.
Günel proqramda “Kara duman”ın başçılıq etdiyi musiqiçi qrupunun müşayiəti ilə “Yalnızım” “İsyan”, “Tesbeh”, “Aşıksın”, “Xoş geldin ya” kimi mahnıları da ifa edib. O, proqramın aparıcısı Alişanla, atası Rəhman Zeynalovla da duet ifa edib. Müğənni hətta verilişdə yemək də bişirib.