Rusiyada yaşayan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) klip çəkdirib.
Oxu.Az-ın məlumatına görə, ifaçının “Неужели ты моя” (“Doğrudanmı sən mənimsən?”) mahnısına Azərbaycanda çəkdirdiyi ekran işinin rejissoru Emin Muradov, operatoru Orxan Məmmədov, çəkiliş üzrə direktoru isə Pərviz Məmmədovdur. Davamlı olaraq dünyanın müxtəlif ölkələrində 150-dən çox solo konsertlər verən, klipləri Rusiyanın, Ukraynanın, Qazaxıstanın və başqa ölkələrin əsas televiziyalarında yayımlanan sənətçinin bundan əvvəl ABŞ, Rusiya, Estoniya və digər ölkələrdə klipləri çəkilib.
Bahh Tee bu dəfə çəkiliş üçün Bakını seçməsini belə izah edib:
“Неужели ты моя” mahnısını bu yaxınlarda Bakıda yazdım və qısa zamanda musiqi sosial şəbəkələrdə sevildi. Beş gün içində hazır olan ekran işini çəkiliş heyəti konsert gününə hazırlaya bildi. Klipin rejissoru Emin Muradov olduqca istedadlı və peşəkardır. Mən 100% əminəm ki, yaxın gələcəkdə Emin yalnız vətənimizdə yox, başqa ölkələrdə də bir peşəkar rejissor kimi tanınar. Düşünürəm ki, bu, bizim onunla sonuncu işimiz olmayacaq. Mən isə əslində çoxdan Bakıda klip çəkdirmək istəyirdim. Daha çox əcnəbi izləyicilərimə Bakının gözəlliyini göstərmək istəyirdim. Düşünürəm videoda əks olunan Bakının möhtəşəm görüntüsü, İçəri Şəhərin, dəniz kənarının ecazkar gözəlliyi onları bu şəhəri gəlib gözləri ilə görməyə vadar edəcək. Məncə, bizim klip çox cəlbedici alınıb və bundan sonra da məmnuniyyətlə vətənimin bütün gözəlliklərini layiqincə təmsil etməyə çalışacam”.
Qeyd edək ki, Bəxtiyarın videoları Youtube rəsmi səhifəsində 45 000 000-dan artıq baxış sayı toplayıb.