Sizə “Böyük Səhnə”nin qalibinin bu il Azərbaycanı “Eurovision 2014” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcəyi barədə məlumat vermişdik.
Oxu.Az itv.az-a istinadən xəbər verir ki, məşhur aparıcılar Hüsniyə Məhərrəmova və Tural Əsədov Azərbaycanın İctimai Televiziyasında yayımlanacaq “Böyük Səhnə” vokal layihəsinin aparıcıları olacaqlar.
“Böyük Səhnə” layihəsi İctimai Televiziyanın efirində bazar ertəsindən etibarən yayımlanmağa başlayacaq. Buna qədər Bakı şəhəri də daxil olmaqla Azərbaycanın 8 müxtəlif şəhərində keçirilmiş kastinqlər 27, 28, 29, 30 və 31 yanvar tarixlərində, saat 21:30-da efirə gedəcək.
Qeyd edək ki, Hüsniyə Məhərrəmova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini, Bakı Musiqi Akademiyasını, Mədəniyyət və İncəsənət Universitetinin musiqişünaslıq ixtisası üzrə magistraturasını bitirib. Hüsniyə Məhərrəmova telekanalın 2005-ci ildə ərsəyə gətirildiyi ilk günlərdən İctimai Televiziyada çalışır. “Eurovision” müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəridir, “Eurovision” milli seçimlərinin, №1 rəqs müsabiqəsinin, “Avrasiya Ulduzu” musiqi layihəsinin aparıcısı, gənclər üçün “Qaraj” verilişinin təsisçisi və aparıcısı olub.
Tural Əsədov – məşhur teleaparıcı, şoumen, prodüser və aktyor. İxtisasca regionşünasdır – ABŞ üzrə mütəxəssisdir. 2003-cü ildə Bakıdakı Qərb Universitetini bitirib. Televiziyada 2001-ci ildən Space telekanalında işə başlayıb. Çox sayda reklam çarxlarının və təqdimat filmlərinin prodüserliyi ilə məşğul olub. Rejissor olaraq Azərbaycan estradasının Miri Yusif və Röya kimi ulduzlarının kliplərini ərsəyə gətirib. Hazırda Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadənin klipini çəkməyə hazırlaşır.
“Böyük Səhnə” şousunun qalibi ölkəni 6-10 may tarixlərində Danimarkanın Kopenhagen şəhərində keçiriləcək “Eurovision 2014” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək. “Böyük Səhnə”nin münsiflər heyətinə Heydər Əliyev sarayının baş rejissoru Gülçöhrə Şəfiyeva, Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə, Azərbaycanın ilk caz müğənnilərindən olan Tünzalə Qəhrəman, məşhur müğənni İlhamə Qasımova və İTV telekanalının məşhur teleaparıcısı Saleh Bağırovdan təşkil edilib.