Oxu.Az ailem.az-a istinadla xalq artisti Brilyant Dadaşovanın müsahibəsini ixtisarla təqdim edir:
- Özünüzü neçə yaşından xatırlayırsınız?
- Bütün uşaqlığım yadımdadır. Pianoda ifa etməyə cəhd etdiyim üçün atamla anamın yoldan qayıdıb, əlimdən öpməklərini yadıma salanda sanki o anı yenidən yaşayıram. Atam lap əllərimi dişləyərdi. Amma daha bir unutmadığım məqam var. Bunu heç vaxt dilə gətirməmişəm. Çünki hər dəfə danışanda o dəhşətli anı təkrar-təkrar yaşayıram. Biz bağ evinə getmək üçün ailəlikcə maşınımıza mindik. Mən artıq gözümü açanda gördüm ki, bütün ailə üzvlərim yerdə və huşsuz haldadırlar. Bir tək anam mənə baxıb, gülümsəyirdi. Yəqin ona görə gülürdü ki, mən qorxmayım (göz yaşlarını saxlaya bilmədi və xeyli susduq). Həmin avtomobil qəzasında anamı itirdik. Əcəl sanki onun üçün gəlmişdi.
Biz atamızla böyümüşük. Atam hər zaman bizimlə uzun söhbətlər edərdi. Hər söhbətimizin sonunda mən tam başqa adam olurdum. Çox məntiqli sözlər deyərdi. O zaman dediklərini bir neçə gün sonra unutsam da, anlayıram ki, onların hər biri beynimə həkk olunub. Cəmiyyətə baxıram və dəhşətə gəlirəm ki, atam necə düz bilirdi, necə bu qədər haqlı idi?! O, iki universitet bitirmişdi. Həm də çox inanclı və Allaha bağlı adam idi. Hər bir işini Allahla bağlayardı.
Atamın o xüsusiyyəti mənə də keçib. Mən hər hərəkətimdə Allaha xoş gedib-getməyəcəyini düşünürəm.
- İnsan sizin üçün haradan başlayır?
- Mədəniyyətdən, insanlara olan münasibətdən. Məncə həm ciddi, həm məsuliyyətli və eyni zamanda zarafatcıl olmalısan. Bütün bunlar normal insanlara xas olan xüsusiyyətlərdir. Əksər hallarda həyata gülümsəyərək baxmağı da öyrənməliyik. Məsələn, sizə bir epizod danışım. Türkiyədə Seda Sayanın verilişində mən bir zarafat etmişdim. Onu bəzi yumor hissindən uzaq insanlar çox şişirtmişdilər. Düzdür, bu şişirdilmənin mənim üçün bir fərqi olmadı. Çünki normal insanlar o zarafatı olduğu kimi qəbul etdilər. Bizim həyat yoldaşımızla öz zarafatlarımız var. Seda Sayan məndən soruşdu ki, ailəlisən və həyat yoldaşın burdadırmı? Mənə də qəribə gəldi. Niyə mənim həyat yoldaşım Bakıdakı işlərini atıb, Türkiyəyə, Seda Sayanın verilişinə getməlidir? Sedaya cavab verdim ki, kim Tulaya öz samovarı ilə gedir? Bu zarafatı çox qabartdılar, elə Seda Sayanın özü də. Amma mən ona Bakıya gəlib, bizim xanımlarla etdiyi zarafatı xatırlatmadım. Seda bizdə qonaq olanda xanımlarımıza deyirdi ki, həyat yoldaşınızı verin, bir az istifadə edim, qaytaracağam. Bu, Seda Sayanın zarafatı idi, o da mənim. Niyə bizim yumor hissimiz kimlərdənsə geri qalmalıdır?
- 25 illik ailə həyatınızla şou-biznesdəki şəxslərə həm də nümunə oldunuz. Bu sənətdə ailəni qorumaq çətin məsələdir.
- Bütün qızlar arzulayır ki, həyat yoldaşı atalarına bənzəsin. Mən də ilk dəfə Ədalət müəllimi görəndə, onu atama bənzətdim. O, ilk dəfədən mənə çox təmiz, ziyalı adam təəssüratı bağışladı. Sonra isə bildim ki, o, siqaret çəkmir, spirtli içkini də çox nadir halda, məclisdə nəzakət xətrinə içir. Bunların hər biri mənim üçün vacib amillərdir. İnsanın zahiri görünüşündən başqa mədəniyyəti də olmalıdır. Yaxşı niyyət mütləq xaricində də əks olunur. Əslində, bir evdə eyni adamla uzun müddət yaşamaq çox çətindir. Kənardan da hər iki tərəf fərqli görünə bilər. Ancaq kəsişmə nöqtəsi olmasa, birgə yaşamaq mümkün olmaz.
- Güclü qadınsınız. Burada həyat yoldaşınızın da payı var?
- Bəlkə də belədir. Bir məsələ var, Allah eləməsin, amma biz insanların böyüklüyünü onları itirəndə dərk edirik. Bəlkə onun da həyatında mənim rolum olub. Ədalət müəllim çox işgüzar adamdır. O da mənim kimi 17 yaşından işləyir. 25 illik ailə həyatımızda mən onu səhər saat 09.00-dan sonra evdə görməmişəm. O, hər zaman öz zəhməti ilə yaşayıb. Kim bu cür olsa, mən ona hörmətlə yanaşaram.
Xasiyyətlərimiz də bir az fərqlidir. Baxmayaraq ki, mən kənardan sakit görünürəm. Ancaq çox emosionalam. Bəzən bu emosiyamı daxilimdə yaşayıram. Bir dəfə canlı yayımda mənə bir iftira atıldı. Sadəcə gülümsəyərək oturub baxırdım. Onda yaxın rəfiqəm Zülfiyyə Xanbabayeva mənə zəng edib dedi ki, sən necə özünü saxladın? Mən olsaydım, ürəyim gedərdi. Çünki o da bilirdi ki, bu, şərdir. Bəzən mənə qarşı kimsə haqsızlıq etsə belə, onlara cavab qaytarmıram. Elələrinin səviyyəsinə düşmək istəmirəm. Amma dözə bilmədiyim istisna hallar da olub, əfsus...