Keçən həftə, daha dəqiq dekabrın 4-də fərdi şopper və stilist Fidan Şıxzamanovanın “Dəb ruhları birləşdirir” layihəsinin təqdimatı oldu.
İdeya ilk olaraq dizayner Nərgiz Şahbazidə yaranıb, amma müzakirələrdən sonra bu layihəni həyata keçirmək qərarı alınıb.
Layihənin məqsədi hər bir insanın özəl olduğunu, öz dünyagörüşünə malik olması, öz istiqaməti və üslubu olmasını göstərməkdir. Bununla yanaşı, bütün bu insanları gözəlliyə məhəbbət birləşdirir.
Oxu.Az xəbər verir ki, stilist layihə iştirakçılarının hər birinin xarakter və alışqanlıqlarını fotolarda nümayiş etdirməyə çalışıb.
Həmin fotoları təqdim edirik:

Lalə Ağayeva
MƏNİM DAXİLİ ALƏMİM
Dəb hər birimizin həyatında yer alır və hər kəs öz obrazını məhz özü yaradır!
“Mən memar ailəsində böyümüşəm. 5 yaşımdan rəsm çəkirəm və bununla yaşayıram. Bəzən qəlbindən keçənləri sözlərlə ifadə etmək çətindir. Kətan və boyalar mənim daxili aləmimin təzahürünə yardım edir”.
Geyim – Nadiya Taziyeva

Nadiya Taziyeva
İLHAM
Mənim üçün həyat və dəb dünyası ayrılmazdır. Bu, yenilik arzusu, inkişafa və mükəmməlliyə can atmaqdır.
“Çiçəklər məni ilhamlandırır, mən onların ətrafında olmağı sevirəm. Məhz bu səbəbdən də mən öz kolleksiyalarımda tez-tez çiçək printindən istifadə edirəm”.
Geyim – Lalə Ağayeva

Natavan Əliyeva
ENERJİ MƏNBƏYİ
Dəb öz daxili aləmini müxtəlif üslublarda ifadə etməkdir.
“Su enerji mənbəyi və təbii ünsürlərdən biridir. O, təmiz və şəffafdır. Bizə təmizlənməyə və paklanmağa imkan verir. Əgər qarşımda bahalı şərab və təmiz su seçimi olsa, düşünmədən suyu seçərəm. Sağlam bədəndə sağlam ruh olar”.
Geyim – Zümrüd Mirzəliyeva

Nərgiz Şahbazi
ARZU
Dəb özün haqqında danışmaq üçün bir vasitədir. Bu, bir az romantika, bir qədər istehza, bir qədər də yumor olan bir əhvalatdır. Bu, özümü ifadə etdiyim bir prosesdir.
“Mən kinorejissor qızıyam və mənim həyatım birbaşa və dolayı yolla kino ilə əlaqədar olub. Kamera və pərdə arxasında baş verən hər şeyə heyran olurdum. Kostyumların yaradılması kimi əmək tələb edən yaradıcılıq işinə, məhəbbətə gedən yol məhz burdan keçir”.
Geyim – Səbinə Abışova

Səbinə Abışova
BİR UDUM HAVA
Dəb istiqamətdir, üslub isə həyatdır.
“Həyatda bir udum təmiz və azad havadan gözəl heç nə yoxdur. Daxili azadlıq hissi tam xoşbəxtlik nəsib edir”.
Geyim – Turan Kərimbəyli

Turan Kərimbəyli
MƏNİM DÜNYAM
Dəb həyat tərzidir.
“Mən Fidanın yaradıcılığının pərəstişkarı, eləcə də gözəl təamların vurğunuyam. Məni dəri, parça, daşlar, ağac və metal kimi materiallarla işlər ilhamlandırır. İşləyərkən xarici aləmdən təcrid oluram, onu unuduram, təxəyyül və gözəllik dünyasına qərq oluram”.
Geyim – Nərgiz Şahbazi

Zümrüd Mirzəliyeva
MƏNİM ULDUZUM
“Artıq 18 ildir ki, mən dəb ilə bağlıyam, bu isə mənim həyatımın təxminən yarısıdır. Və heç bir digər sahədə özümü təsəvvür edə bilmirəm. Rəfiqələrimdən kim isə müəllimə, kim isə həkim olmaq istəyirdi, mən isə kosmosa uçmaq istəyirdim. Mənim kumirim Yuri Qaqarin idi. Ulduzlar və planetlər məni uşaqlıqdan cəlb edirdi, Fidanın layihəsi sayəsində isə mən ulduzlara “toxunmağa” nail oldum”.
Geyim – Natavan Əliyeva.
Səbinə Səmidxan
www.oxu.az