Dekabrın 4-də Azərbaycanın məşhur modelyer-dizaynerlərinin iştirak etdiyi “Dəb ruhları birləşdirir” adlı layihənin təqdimatı olacaq. Tədbir ərəfəsində layihə rəhbəri ilə görüşdük və layihə barəsində danışmağı xahiş etdik.
Oxu.Az məşhur stilist, imicmeyker və şopper Fidan Şıxzamanova ilə müsahibəni təqdim edir.
- Bu layihənin yaradılması, həyata keçirilməsi fikri necə yarandı?

- Əslində ideyanı mənə dizaynerlərimizdən biri - Nərgiz Şahbazi verdi. Əsas ideya dizaynerlərimizin hazırladığı geyimləri bir-birinə təqdim etmək idi, amma bunu elə etmək lazım idi ki, bu, dizaynerlər üçün də qeyri-adi və yeni bir şey olsun. Bu fikir mənim çox xoşuma gəldi və mən işə başladım. İşin gedişatında həyata keçirməli olduğumuz yeni ideyalar meydana gəlirdi.
- Layihənizin əsas vəzifəsi, məqsədi nədən ibarətdir?

- Azərbaycanda moda sahəsinin sürətlə inkişaf etməsi məni sevindirir, gənc modelyərlərin rəqabət aparmadan, bir-birinin uğurlarına sevinərək əməkdaşlıq edəcəkləri, özünü təqdim etmək üçün moda həftələri keçirilir. Layihənin məqsədi bu sahədə də xoşagəlməz söhbətlərin və rəqabətin olmaya biləcəyini göstərməkdir, axı bizim hamımızı gözəlliyə məhəbbət birləşdirir.
Dizaynerlərlə işləməyə başladıqda, öncə onların kolleksiyalarını öyrəndim və anladım ki, hər birinin özəlliyi, dünyagörüşü, öz istiqaməti və üslubu var. Amma buna baxmayaraq bütün layihə boyu onlar bir-birinin kolleksiyalarındakı əşyalara diqqət verirdilər, hətta kolleksiyalardan bəzi şeyləri aldılar, bu isə məncə artıq çox şey deməkdir. Bunu müşahidə edərkən gözəlliyə, modaya olan sevginin insanları birləşdirdiyinə sevinirdim, bu səbəbdən də layihəni “Dəb ruhları birləşdirir” adlandırdım.
İş prosesində hər bir dizaynerin kolleksiyasını və üslubunu öyrənərkən məndə onlar üçün fərqli, amma ruhlarına yaxın obrazların yaradılması ideyası yarandı. İstənilən işdə əsas qaydam “yeni nəyi isə sınaqdan keçirərkən daxili harmoniyanı pozma!”dır. İşin gedişatında iştirakçıları yalnız yaradıcı şəxsiyyətlər kimi deyil, eləcə də öz alışqanlıqları, həyata baxışları və arzuları olan insanlar kimi də təqdim etmək ideyası yarandı.
- Layihədə iştirak üçün kimi dəvət etmisiniz və onlar bunu necə qarşıladılar?

- Mən yaradıcılığını izlədiyim, geyimlərini bəyəndiyim və insan kimi xoş münasibət bəslədiyim dizaynerləri dəvət etmişəm. Bu, Nərgiz Şahbazi, Zümrüd Mirzəliyeva, Natavan Əliyeva, Lalə Ağayeva, Nadiya Taziyeva, Turan Kərimbəyli, Səbinə Abışovadır. Və mən yanılmadım. Stilistlərin reaksiyası əvvəlcə fərqli idi, həm maraq var idi, həm iştirak etmək arzusu var idi, amma bununla yanaşı hardasa əminsizlik də var idi. Bu, aydın məsələ idi, belə bir layihə olmamışdı və bu, bizim hamımız üçün bir eksperiment idi. Məncə, onlar peşman olmayıblar (gülür).
- Eyni zamanda bir neçə dizayner ilə işləmək çox çətindir. Düzünü deyin, məyus olduğunuz hər şeyi atmaq istədiyiniz məqamlar oldu?
- Etiraf edim ki, çətin idi. Bütün iştirakçılar öz sözünü demiş şəxsiyyətlər, yaradıcı insanlardır. Yaradıcı insanların dünyası, yanaşması fərqlidir. Mənim fikrimcə, əgər onların hər biri özünəməxsus belə bir gözəlliyi yarada bilirlərsə, deməli xüsusi istedada, vergiyə sahibdirlər. Üç aya yaxın bir müddət ərzində layihə üzərində çalışdım, əlbəttə, stress vəziyyətləri də, göz yaşları da oldu.
Bütün məsuliyyət mənim üzərimdə idi. Əgər belə bir layihəni üzərimə götürmüşəmsə, onu sona çatdırmalıyam. Gün ərzində bir neçə dəfə fotoqraf, videoqraf, vizajist, saç ustası və dizaynerlərin hər biri ilə müzakirələr etmək, geyimləri sınamaq üçün vaxt təyin etmək üçün zəng etməli olurdum. Və elə məqamlar olurdu ki, nə fiziki, nə də mənəvi gücüm qalırdı, məhz həmin anlarda iştirakçıların layihəyə münasibətini gördükdə elə bil ki, ikinci nəfəs gəlirdi. Onlar da mənim kimi bu layihənin ərsəyə gəlməsini istəyirdilər. Biz bir komanda idik və bu, işi sona çatdırmağa təkan verirdi. Mən bu işin öhdəsindən gəldim və mən komandamız ilə fəxr edirəm!
- Layihə moda sevərlərə nə zaman təqdim ediləcək?

- Sabah - dekabrın 4-də təqdimat mərasimi keçiriləcək. Tədbirdə mənə dəstək olan və bu iş üçün ürəkdən sevinənlər olacaq. Növbəti gün isə layihə ilə bağlı bir neçə xəbər portalında və Facebook-da “Chic-time by Fidan Shikh-Zamanova” səhifəsində geniş məlumat yerləşdiriləcək.
- Bu layihəni gələcəkdə davam etdirmək yaradıcılıq planlarınıza daxildirmi?

- Layihə üzərində işləyərkən bir neçə ideya və fikir meydana gəldi, və hətta bir neçə maraqlı təklif də oldu (gülür). Bir qədər nəfəs dərib yeni işlərə başlamaq lazımdır!
- Maraqlı söhbət üçün təşəkkür edir və layihənin bütün iştirakçılarına yaradıcılıqlarında uğurlar arzu edirik.
Zümrüd Mirzəliyeva

Layihə sanki müxtəlif istiqamət və üslubda çalışan modelyer-dizaynerlər üçün sanki ünsiyyət müstəvisinə çevrildi. Şəxsən mənim üçün çox maraqlı idi. Fidan bizə başqa dizaynerlərin geyimlərini sınaqdan keçirmək imkanı verdi.
Səbinə Abışova

Layihə şəxsən mənim üçün çox maraqlı idi, ilk öncə bu heyrətamiz və öz işinin peşəkarı olan insanlarla tanışlıq oldu. Mənim üçün bu layihənin iştirakçısı olmaq, digər dizaynerlərlə tanış olmaq gələcəkdə azərbaycanlı dizaynerlərin də adlarının dünya moda industriyasının zirvələrində olacağına ümid verir. Fidan ilə iş məndə böyük təəssüratlar qoydu, o, işinin peşəkarıdır. Onu bütün işlərində dəstəkləməyə hazıram, çünki belə pozitiv və məsuliyyətli insanların uğur üçün doğulduqlarına inanıram.
Natavan Əliyeva

Müxtəlif insanlarla ünsiyyətdə olmaq maraqlı idi. Fidan kimi məqsədyönlü, emossional, idealizmə can atan insanla işləmək çox xoş idi.
Nərgiz Şahbazi

Bu layihə mənə tamamən yeni və adət etmədiyim bir obrazı sınamaq, eləcə də həmkarlarımı yaxından tanımaq imkanı verdi. Onların bu layihədə iştirak etmək təklifinə müsbət yanaşmaları məni sevindirdi. Ola bilər ki, bu, gələcəkdə bir-birimizə vasitəçilik etməyə və özümüzdə daha çox yaradıcılıq potensialı aşkar etməyə imkan verəcək.
Bu layihənin ideyası ağlıma gələndə, mən bunu həyata keçirməyi kimə təklif edəcəyimi bilmirdim. Özüm çətin ki, öhdəsindən gələrdim. Amma iştirakçılardan biri olmağı çox istəyirdim. Və bu ərəfədə biz Fidanla tanış olduq. Onun bu işə ciddi yanaşması çox xoşuma gəldi. O, çox səbirlidir və gördüyü işi bütün nüansları ilə düşünür və işinə böyük məhəbbətlə yanaşır. Məncə məhz bu keyfiyyətlər xasiyyətcə və yaradıcılıq istiqamətləri də fərqli olan insanları bir yerə toplamaq və belə fərqli obrazlar yaratmağa yardım etdi.
Nadiya Taziyeva

Fidan mənə layihədən danışdıqda çox müsbət reaksiya verdim. Azərbaycanlı dizaynerləri birləşdirmək və onları fərqli yöndən təqdim etmək eyni zamanda həm maraqlı, həm də mürəkkəb məsələdir. Məncə Fidan bunu bacardı. İş prosesində onun işə necə can yandırdığı, belə fərqli, yaradıcı insanlarla anlaşmağa çalışması, layihəyə can yandırması göz qabağında idi. Bu, təqdirəlayiqdir, çünki insan öz işi ilə məşğul olduqda mükəmməlliyə can atır.
Turan Kərimbəyli

Layihə parlaq, yaradıcı alındı. Bu layihə mənə yerli dizaynerlərin geyimlərini görmək, hiss etmək, sınamaq imkanı verdi. Mən onları özüm çətin ki, geyməyə cəsarət edərdim. Tamaşaçı nə demək istədiyimi görüntülərdən anlayacaq. Layihənin rəhbərinə gəldikdə isə Fidan öz işinə çox peşəkar yanaşan bir insandır. Mənim bunu deməyə haqqım var, belə ki, 1996-cı ildən feşn-industriyadayam və bizim peşəkar fəaliyyətimizdə fərqli insanlarla rastlaşmışam.
Lalə Ağayeva

Bu layihə dizaynerlərə dəstəkdir. Mənim üçün isə tamaşaçılara öz istedadımı nümayiş etdirmək imkanıdır. Mən 100% razı qaldım. Fidan obrazları çox dəqiq seçib. Elə hiss yaranırdı ki, sanki o, bizim hamımızı uzun illərdir ki, tanıyır. Məni çoxları rəssam kimi tanıyır, çox az adam kolleksiyamın olduğunu bilirdi. Bu layihə və Fidan mənim haqqımda daha çox adamın xəbər tutmasına imkan yaratdı.
Səbinə Səmidxan
Foto: Nüsrət Abdullayev
www.oxu.az