Almaniyada “Miss Germany 2016” gözəllik yarışmasının finalı keçirilib.
Oxu.Az xəbər verir ki, podiumda çimərlik geyimi, çanta dəfiləsi ilə 24 gözəl yarışıb. İştirakçılar arasından Almaniyanın üç ən gözəl qızı seçilib.
Finalın birincisi Qərbi Almaniya kraliçası 26 yaşlı Lena Bröder seçilib. Peşəsi katolik din dərsi müəllimliyi olan Bröder müsabiqəni 430 xalla qazana bilib.
Podiuma 13-cü nömrə altında çıxan Schleswig-Holstein kraliçası 19 yaşlı Francesca Orru ikinci yeri tutub. Tələbə qız 420 xalla 2016-cı ilin Almaniya gözəli olmaq şansını əlindən qaçırıb.
Hessen kraliçası 22 yaşlı Dominika Starostik podiumda 23-cü nömrə altında addımlayıb. Peşəsi büro məmurluğu olan Dominikan Starostik münsiflər heyətindən qazandığı 240 xalla üçüncü yerdə qərarlaşıb.
Almaniyanın, eləcə də dünyanın ən qədim və nüfuzlu gözəllik yarışmalarından biri olan “Miss Germany Coporation”ın qalibi “Miss Germany 2016”nın kraliçasına mükafat olaraq bir illik istifadə müddətinəə hər şey daxil olan Jaguar XE markalı avtomobili təqdim edib.
Eyni zamanda yeni gözəllik kraliçasına 6 min 900 avro dəyərində brilyant qol saatı, bir illik modellik kontraktı, İspaniya və Avropada tətil, geyim, ayaqqabı, kosmetika məhsulları da bağışlanılıb.
Podiumda yarışan digər namizədlərə geyim, ayaqqabı, müxtəlif istirahət paketləri, kosmetik məhsullar, diş və saça qulluq məhsulları hədiyyə edilib.
“Miss Germany 2015”in qalibi, Ukrayna mənşəli 23 yaşlı Olga Hoffmann tacını 2016-cı ilin gözəllik kraliçasına təslim edərkən göz yaşlarına hakim ola bilməyib.
“Eurovision” beynəlxalq mahnı müsabiqəsində üç dəfə qalib olan irlandiyalı Johnny Logan final gecəsinə gələn 1000-ə yaxın qonağa verdiyi konsertlə zaldaəsk coşqu yaradıb.
Aytən Sadıqzadə
www.oxu.az