"Doktor Kim" serialında Mikki Smit obrazını canlandıran britaniyalı aktyor Noel Klark cinsi xarakterli altı hüquqpozma epizodu üzrə irəli sürülən ittihamları qəbul etməyib.
Oxu.Az "Sky News" telekanalına istinadən xəbər verir ki, məhkəmə dinləmələri Londondakı Vestminster Magistratlar Məhkəməsində keçirilib.
Sentyabrda London polisi 50 yaşlı aktyora qarşı iki cinsi zorakılıq, üç vuayerizm və ictimai yerdə nalayiq şəkildə çılpaq görünmə ilə bağlı bir ittiham irəli sürüb. 2007-2016-cı illər arasında baş verdiyi bildirilən hadisələrlə bağlı ittihamlar 2025-ci ilin sentyabrında başlanmış istintaq çərçivəsində irəli sürülüb.
2021-ci ildə "The Guardian" qəzeti müxtəlif vaxtlarda Klarkla işləmiş 20 qadının aktyoru təqib və təhqiramiz davranışlarda ittiham etdiyini yazıb. Klark "The Guardian" və "The Observer" qəzetlərini birləşdirən "Guardian News and Media" (GNM) media şirkətini məhkəməyə versə də, iddiası təmin edilməyib.
Qəzetin səhifələrində Klarkı açıq şəkildə ittiham edənlər arasında prodüser Cina Pauell, aktrisa Coanna Ceyms və rejissor köməkçisi, rusiyalı Anna Avramenko da olub. "Doghouse" (2009) filmində təcrübəçi kimi çalışan qadının sözlərinə görə, Klark çəkiliş meydançasında ona sataşıb və etirazına baxmayaraq, dəfələrlə onu öpməyə cəhd göstərib.
Klark "Xuliqanlıq 2" və "Ulduz yolu: Qisas" filmlərində çəkilib. O, həmçinin "Seks, narkotik və rok-n-roll", "Senturion" və "Anomaliya" ("The Anomaly", 2014) filmləri ilə tanınır. Aktyor 2009-cu ildə rejissoru, ssenari müəllifi və baş rol ifaçısı olduğu "Adulthood" filminə görə BAFTA-nın "Yüksələn ulduz" mükafatını alıb.
Növbəti məhkəmə dinləməsi noyabrın 18-nə təyin edilib. İclas Londonun Sazerk rayonundakı Kral Məhkəməsində keçiriləcək.