Müğənni Əli Mirəliyev ötən gün Xəzər telekanalında yayımlanan Zaur Kamalın aparıcısı olduğu “5/5” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, aparıcının “Siz öləndən sonra insanlar arxanızca nə deyəcək?” sualına müğənni belə cavab verib:
“Az ömrüm qalıb. Beş aydan sonra öləcəm”.
Mövzu ilə əlaqədar Oxu.Az Əli Mirəliyevlə əlaqə saxlayıb müğənninin səhhəti və nəyə görə canlı yayımda belə ifadələr söylədiyini öyrəndi:
“Mən illər əvvəl bir dəfə insult keçirmişəm. İndi də hiss edirəm ki, vəziyyətim yaxşı deyil. Əvvəlki Əli Mirəliyev deyiləm. Hətta 5 aydan sonra deyil, daha yaxın vaxtda öləcəyimi hiss edirəm.
Dünən efirdə də özümü güc ilə ələ alırdım, narahat idim. Amma yalandan gülməyə çalışırdım ki, tamaşaçılar heç nə başa düşməsinlər.
Hətta hər kəsdən uzaqlaşıb bağ evimdə tək-tənha yaşayıram. Həftə sonu xanımım gəlib yeməklərimi hazırlayır, təmizlik işləri ilə məşğul olub, gedir.
Mənimlə bağlı olan qalmaqallardan artıq bezmişəm. Məni əsəbiləşdirən odur ki, yalandan əməkdar artist, xalq artisti adı alırlar, amma düzgün oxuya bilmirlər. Mən də belələrini çıxıb efirdə ifşa edəndə deyirlər ki, Əli Mirəliyev qalmaqal yaradır. Bəs mən deməyim, o deməsin, kim desin? Kompüterdə səslərini düzəldib oxumaqla deyil eee? Meymunun da səsini kompüterə yazıb, düzəltsən o da oxuyar!”.
Aytən Sadıqzadə
www.oxu.az