Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin növbəti qonağı Azərbaycan AUKAA-nın digər üzvü Erkin Nəsirovdur.
- Erkin bəy, özünüzü oxucularımıza təqdim edin…
- Mən “Caspian Investment and Development Corporation” (CİDC Baku) MMC-nin Bakı nümayəndəliyində çalışıram. Bu şirkət qeyri neft-qaz istehsalı ilə məşğuldur. Operations manager olaraq əsas vəzifəm təşkilatçılıq, idarəçilik, digər departamentlər arasında əlaqə yaratmaqdır.
Bundan öncə də Recruitment (işəgötürmə), neft-qaz və tikinti sahəsində idim. AMEC, KCA Deutag, STRABAG şirkətlərində çalışmışam. İş fəaliyyətimə isə Moody International-da başlamışam. Daha sonra isə “Şahdəniz” layihəsinə keçdim. Bu, 2006-ci ilə təsadüf edir. Qısası, son dörd ildir CİDC-də fəaliyyət göstərirəm. Burada ilk vəzifəm insan qaynaqları meneceri olub.
- İlk təhsilinizi Azərbaycanda almısınız?
- Bəli, Bakı Dövlət Universitetində həm bakalavr, həm də magistratura təhsili almışam. O zaman dəbdə olan hüquqşünas fakültəsini bitirmişəm. Heç də həmişə təhsil aldığın sahə üzrə çalışmaq alınmır. İlk olaraq hansı cəhdiniz uğurlu alınırsa, elə orada da başlayırsınız. Mən isə Moody International-la başladım.
- Xarici təhsil almaq arzusu nə zaman yarandı?
- Bir müddət sonra çalışdığım sahə üzrə təhsil almaq ehtiyacı hiss etdim. Və elə bu təhsili xaricdə almağın daha doğru olacağı qərarını verdim. 2009-2012-ci illərdə Mançester Universitetində İnsan resurslarının idarə olunması və inkişafı üzrə təhsil aldım. Təhsil aldıqdan sonra isə bu sahədə dərs demək qərarı verdim.
Bu ilə kimi Azərbaycan Universitetində (BBA və MBA kafedra) müəllimlik edirdim. Lakin işlərin və hazırkı təhsilimin çoxluğundan universitetlə əməkdaşlığıma ara verdim. Mən dərslərimdə hər zaman çalışırdım ki, praktikaya üstünlük verim. Çünki tələbəyə praktika daha çox gərəkdir. Məsələ ondadır ki, ancaq nəzəri bilikləri olan diplomlu şəxsə nəinki böyük şirkətlərdə, hətta kiçik müəssisələrdə də iş tapmaq çətin olur.
- Tələbələrinizlə hazırda əlaqəniz varmı?
- Əlbəttə, hətta bəzilərinin dərs dediyim müddətdə işlə təmin olunmasına da köməklik etmişəm. Bir neçə şirkətin Azərbaycan Universiteti ilə əlaqələrinin yaranmasında da iştirak etmişəm. Bilirsiniz, bizim universitetlərdə bu sahədə boşluq var. Yəni hər bir universitet öz məzunlarına iş imkanları yaratmaq üçün şirkətlərlə, dövlət qurumları ilə əməkdaşlıq etməlidir. Universitetlər karyera mərkəzləri olmalıdır.
Bu dünya təcrübəsində də var. Böyük universitetlər məzunları ilə şirkət nümayəndələri arasında əlaqələndirici rol oynayır. Bu halda hər iki tərəf qazanır. Həm şirkətlər, həm də universitetlər. Bizim universitetlərdən isə bir neçəsində belə karyera mərkəzləri var. Məzunlara iş imkanlarını AUKAA-da da yaratmaq olar.
- Bununla bağlı konkret təklifləriniz varmı?
- Məsələn, təşkilatın saytında üzvlər haqqında məlumat bölməsi yaratmaq lazımdır. Bu halda həm məzunları tanımaq, həm də iş ehtiyacı olanları işə cəlb etmək olar. Bu həm də işverən tərəf olaraq mənə də maraqlıdır.
- Erkin bəy, sizin AUKAA ilə tanışlığınız necə başlayıb?
- AUKAA-nın üzvü olmağı çox istəyirdim. Çünki bu təşkilatda bütün üzvlər İngiltərədə təhsil alıb. Bu həm yeni tanışlıqlar, həm də işlə bağlı yeni ideyaların ortaya çıxmasına şərait yaradır. Bütün bunlarla yanaşı təşkilata üzv olan hər kəsin Azərbaycan üçün nələrsə etmək cəhdi çox müsbət haldır. AUKAA-nın sədri Ramiz Babayevlə isə British Council-in tədbirlərindən birində tanış olmuşuq.
Mən özümü aktiv üzv hesab etmirəm. Lakin hər fürsətdə təşkilatın işlərində təkliflər verməyə çalışıram. İnsan resursları ilə çalışmaq çox çətin sahədir. Kifayət qədər zaman tələb edir. Bilirsiniz, mənim dissertasiyamın mövzusu postsovet ölkələrində İnsan resurslarının idarə olunmasının inkişafı idi. Bu sahədə Azərbaycan hələ geridə qalır. Lakin 10 il sonra gözəçarpan dəyişikliklər olacaq. Hətta o zaman dövlət qurumlarında da çalışa bilərəm.
- Dövlət qurumlarındakı təvazökar maaşları nəzərə alsaq, bu, maddi baxımdan sizi sıxıntıya sala bilər...
- Elə vəzifələr var ki, maaşlar kifayət qədər yaxşıdır.
- Yəqin, siz nazirlərin maaşından danışırsınız. Belə çıxır ki, nazir olmaq fikriniz var?
- Bunun üçün çox tezdir. Mən özümü bu vəzifəyə hazır hiss etmirəm. Lakin 10 il sonra nazir ola bilərəm. Yoxlamaq lazımdır. Bilirsiniz, mən özümü uğurlu insan hesab etmirəm. Sadəcə yaşıma görə çox şey əldə etdiyimi hesab edirəm. Nazir deyil, amma iri bir şirkətə rəhbərlik etmək istərdim. Bunun üçün isə hələ təcrübə qazanmaq və bu vəzifəyə hazır olmaq lazımdır. Çünki realist yanaşma olmalıdır.
Bu gün mən bu vəzifəyə hazır deyiləm. Bu gün belə iddialarım olsa, gülməli görünər. Qırx yaşında isə bir şirkətə rəhbərlik etmək olar və bu da böyük uğur göstəricisi olar. Bunun üçün daimi üzərimdə çalışıram. Hazırda idarəçilik praktikasını təkmilləşdirmək üçün Chartered Management İnstitute-da oxuyuram və qarşıma məqsəd qoydum ki, “2015 Chartered Manager” (MCMİ) dərəcəsini əldə edim.
- Sizə bu yolda uğurlar. Bəs uğuru əldə etməyin əsas yolu hansıdır?
- Yüksək təhsil və təbii ki, daimi praktiki inkişaf. Hesab edirəm ki, təhsilə qoyulmuş investisiyanı heç vaxt itki saymayın. Bu, uğura aparan başlıca yoldur.
Sədan Bünyadova
Foto: Nüsrət Abdullayev
www.oxu.az