Türkiyənin “Radikal” qəzetinin köşə yazıçısı, son yazısında “O səs Türkiyə” müsabiqəsinin qalibi olmuş Elnur Hüseynovla “Yetenek sizsiniz” yarışında qalib gəlmiş Max ləqəbli it arasında müqayisə aparan Bülənt Eriş həmin yazıdan sonra qarşılaşdığı tənqidlərə cavab verib.
Oxu.Az xəbər verir ki, öz Twitter hesabında məlumat yayan B.Eriş bütün azərbaycanlı qardaşlarına sevgi və hörmətinin olduğunu bəyan edib:
“Məni səhv başa düşüblərsə, deməli günah məndədir. 600 yazım var, hamısı qarşılıqlı hörmət, qardaşlıq, sülh inamı ilə zəngindir. Yazımın əvvəlində səhv başa düşüləcəyimi yazmışdım, elə də oldu. Sözlərim format üzərindədir, bütün platformalarda bütüm yazılarımda ayrı-seçkiliyə qarşı çıxmışam, vəziyyətin mənə ünvanlanan tənqidlərlə bir əlaqəsi yoxdur.
Azərbaycanlı qardaşlarıma hansısa sözüm, tənqidim yoxdur, sizin hisslərinizi anlayıram. Sadəcə bir fikir irəli sürdüm, doğrudur, yanlışdır... Yazdıqlarım açıqdır, ankaralı biri olaraq, bu ölkədə yaşayan yarışı bu torpaqlardan olan birinin qazanmasını istədim sadəcə. Elnur peşəkar bir müğənnidir, məncə yarışmaya qatılmamalı idi. Fikrim sadəcə odur ki, “O səs Türkiyə” adlı yarışı Elnur qazanmamalı idi”.