26 may Heydər Əliyev Sarayında müğənnilər Sevda Yahyayeva və Elton Hüseynəliyevin xeyriyyə konserti olacaq.
Oxu.Az xəbər verir ki, bununla əlaqədar məşhurlar bu gün media nümayəndələrini başına yığıb BMM-də mətbuat konfransı təşkil etdilər. “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyinin təşəbbüsü ilə keçirilən aksiyanın təşkilatçısı məşhur prodüser Tolikdir.
Xeyriyyə konsertindən gələn gəlir 17 və 20 yaşlı onurğa sütunu əyriliyi xəstəliyindən əziyyət çəkən iki gənc qızın müalicəsinə sərf olunacaq.
Konfransda sözügedən xeyriyyə tədbiri ilə bağlı müğənni Elton Hüseynəliyev bunları söylədi:
“Mən bu xeyriyyə aksiyasında iştirak etdiyim üçün çox xoşbəxtəm. Savab işlərlə yarışmaq lazımdır”.
Müğənni Sevda Yahyayeva media nümayəndələrinə bu işdə onları dəstəklədikləri üçün təşəkkürünü bildirdi:
“Jurnalsitlərə təşəkkür edirəm. Tək əldən səs çıxmaz. Bu işdə birlik lazımdır”.
Xeyriyyə konsertinin təşkilatçısı prodüser Tolik hər iki gənc qızın xəstəliyindən danışan zaman kövrəldi:
“Mənə “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyinin sədri Natiq müəllimdən belə bir təklif gələndə böyük məmnuniyyətlə razılaşdım. Hər iki qızımıza müalicə üçün ayrı-ayrılıqda 15 min dollar, ümumilikdə isə 30 min dollar vəsait tələb olunur.
Bildirdim ki, əgər konsertdə 30 min dollardan çox vəsait yığılarsa, onu başqa bir uşağın müalicəsinə sərf edəcəyik. Mən İnstagram hesabımda Sitarə adlı bir qızımız haqqında tez-tez yazı paylaşıram. Ona isə qan köçürmək lazımdır. Yığılan gəlirdən artıq qalarsa ona da yardım edəcəyik”.
Prodüser eyni zamanda yalançı xeyriyyəçilərdən də söz açdı:
“Son zamanlar xeyriyyəçilik adı ilə yalandan işlər görürlər. Bilmirsən ki, yığılan gəlir kimə və nəyə sərf olunur. Məsələn: yaxın vaxtda Nərmin adlı gəncimizin adına açılan hesabda 80 min avro pul yığılmışdı.
Təəssüflər olsun ki, o dünyasını dəyişdi. Mən təklif etdim ki, həmin pulu başqa bir müalicəyə ehtiyacı olan uşağa versinlər. Lakin hamı məni qınadı”.
Qeyd edək ki, konsertə biletlərin qiyməti 10-30 AZN arasında dəyişir.
Tədbirin aparıcıları Afaq Gəncəli və Şəhriyar Abilov olacaq.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az