“Milla” süd məhsulları üçün çəkilən reklam böyük müzakirəyə səbəb olub. Belə ki, erotik səhnə ilə yadda qalıb, qalmaqal yaradan qida məhsulunun istifadəsində yaş həddinin nəzərə alınmaması birmənalı qarşılanmayıb.
Oxu.Az xəbər verir ki, Show.az “Azərbaycanda erotik reklam” kimi qısa zamanda məşhurlaşıb səs-küyə səbəb olan videoçarxın rejissoru Zaur Qasımlı ilə əlaqə yaradıb.
Rejissor ilk növbədə bu ssenarinin seçilməsindən danışıb.
“Həmin şirkətə biz 5-6 ssenari təklif etmişdik. Düzü, mətnlə tanış olarkən düşündüm ki, bu fikir qəti surətdə rədd ediləcək. Ancaq şirkət nümayəndələri məhz bu ssenariyə baxan kimi xeyli güldülər və birmənalı şəkildə bunu təsdiqlədilər. Təbii ki, biz də həmin ssenariyə uyğun reklam roliki çəkdik.”
Rejissordan bu işinin nə qədər uğurlu olduğunu soruşduqda isə maraqlı cavab aldıq.
“Mən işimi layiqincə görmüşəm. Öz işimin arxasında da hər zaman dururam. Reklama yazılan rəylərlə də tanışam. Sadəcə hər kəsin fikrinə hörmətlə yanaşıram. Təəssüf ki, bizim gənclərimiz öz ideyalarını üzə çıxarmaqdan qorxurlar. Tamaşaçının heç vaxt öz fikri olmur. Həmişə bir-birinə baxıb fikir bildirirlər. Guya mentalitet keşiyində durublar. Amma gənclərimiz bir qədər cəsarəti olsalar, öz ideyalarından faydalana bilərlər”.