Rəqqasə Fatimə Hindistanda keçirilən “Udbhav İnternational Dance Carnival” festivalının ilk günündə çıxış edib.
Hazırda Hindistanda olan rəqqasə Oxu.Az-a bildirib ki, o, festivalın növbəti günündəki çıxışına hazırlaşır:
“İlk öncə deyim ki, Azərbaycan üçün çox darıxmışam. Bu, mənim Hindistana 3-cü səfərimdir. Festivalın ilk günündə çıxışımı geridə qoydum. Festivalda hər bir xalqın çıxışından öncə ölkə barəsində qısa videoçarx nümayiş olunur. Çıxışımdan öncə Azərbaycan haqqında hazırlanmış videoçarxı izləyəndə bir daha doğma vətənimlə qürur duydum. Bu hisslər sözlərlə ifadə oluna bilməz. Kövrəldim, göz yaşlarımı saxlaya bilmədim. Amma buna baxmayaraq səhnəyə çıxıb, milli “Uzun dərə” rəqsini təqdim etdim. Çox gözəl və maraqla qarşılandı. Festivalda məndən savayı “Səma rəqs” ansamblının və tələbəm 8 yaşlı Fatimənin və müğənni Aslan Hüseynovun çıxışı oldu. Onların çıxışı da alqışlarla qarşılandı. Qarşıda bizi festivalın növbəti günü gözləyir. Müsabiqənin qala gecəsində tələbəm Fatimə ilə hind rəqsini ifa etməyi də düşünürəm”.
“Göyçək” ləqəbli rəqqasə onu da əlavə edib ki, Hindistan mətbuatı onlara xüsusi maraq göstərir:
“Hindistana gəldiyimiz gündən bütün media və televiziyalar bizimlə maraqlanır. Hətta bir neçə qəzetlər barəmizdə xəbər dərc ediblər. İnşallah, Bakıya qayıtdıqdan sonra festival barəsində daha geniş məlumat verəcəyəm”.
Aytən Sadıqzadə