Ötən gün Bakıda təşkil olunan “Kardeşim benim - 2” filminin qala gecəsinə filmdə rol alan azərbaycanlı aktyor Kamran Ağabalayevin dəvət olunmaması narazılıq yaradıb.
Aktyor bu məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib: “Niyə dəvət edilmədiyimi bilmirəm. Bu sualı təşkilatçılara vermək lazımdır. Qəribədir ki, Türkiyədə qala gecəsinə dəvət olunmuşdum, burada yox”.
Aktyor qala gecəsində onu yada saldığına görə Burak Özçivitə təşəkkür edib.
"Parkcinema"nın mətbuat katibi Lalə Ələkbərova Oxu.Az-a bildirib ki, onlar aktyorların heç birinə dəvətnamə göndərməyiblər.
“Düşündük ki, aktyorlar qala gecəsinə özləri gələr. Ona görə də Kamran Ağabalayevə dəvətnamə vermədik. Kamran müəllim bizdən inciyib”.
Lalə Ələkbərova bu məsələyə görə aktyordan üzr istəyəcəklərini deyib.
***
10:23
Ötən gün Bakıda Türkiyə istehsalı olan “Kardeşim benim - 2” filminin qala gecəsi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə filmdə çəkilən aktyorlardan Burak Özçivit və iki türk aktrisa iştirak edib. Həmçinin Azərbaycanın tanınmış simaları – rəqqasə Oksana Rəsulova, aparıcı Şəhriyar Əbilov, aktrisa Dilarə Əliyeva və həyat yoldaşı televiziya prodüseri Oqtay Əliyev də dəvət olunan qonaqlar arasında olub.
Ekran işində çəkilən yeganə azərbaycanlı aktyor Kamran Ağabalayev isə premyeraya dəvət olunmayıb.
Bununla bağlı kinoteatrın mətbuat katibi və aktyorun da mövqeyini öyrənməyə çalışacağıq.
Aytən Sadıqzadə